Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb

dovlet-budcesinde-212-milyon-manat-profisit-yaranib
Oxunma sayı: 1660

Maliyyə Nazirliyi 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat, xərcləri 5523,7 mln. manat olub, 212,7 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bundan əlavə, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4 faiz çox icra olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2085,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 mln. manat və ya 21,1 faiz,  2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 mln. manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1507,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 mln. manat və ya 7,9 faiz çoxdur.

2021-ci ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 158,6 mln. manat və ya 20,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115,0 mln. manat vəsait təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 mln. manat və ya 5,0 faiz çoxdur. 

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 48,4 mln. manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39,0 mln. manat və ya 2,0 dəfə çoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və  Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6 faiz az, yəni 2513,7 mln. manat daxilolma qeydə alınıb.

Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb. 

Günel Türksoy