Düzgün dislokasiya və növbəlilik prinsipləri biçin prosesini sürətləndirir

duzgun-dislokasiya-ve-novbelilik-prinsipleri-bicin-prosesini-suretlendirir
Oxunma sayı: 944

Neftçalada arpa sahələrinin 30 faizində biçin başa çatıb.

Respublikanın bölgələrində arpa biçini davam edir. İlkin mərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçininə başlanıb.

Hər il olduğu kimi, 2023-cü il taxıl biçini mövsümünə Neftçala rayonunda start verilib. Payızlıq əkinlər dövründə Neftçalada 30 min hektardan artıq sahədə taxıl səpini aparılıb. Sahələrin təxminən 80 faizində arpa səpilib. Əlverişli iqlim şəraiti Neftçalada arpanın digər rayonlara nisbətən daha tez yetişməsinə səbəb olur. Bu səbəbdən respublikada ilk kütləvi biçin prosesi məhz Neftçala rayonunda başlayır.

“Qafqazinfo” xəbər verir ki, qısa müddət ərzində rayon üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Biçinin sürətlə getməsinin səbəbi prosesə çoxlu sayda taxılbiçən kombaynın cəlb olunması, “Aqroservis” ASC tərəfindən əvvəldən müyyən olunmuş tələbata uyğun olaraq Neftçalaya digər rayonlardan əlavə kombaynlar dislokasiya etməsidir.

İlk günlər biçin prosesində 105 kombayn iştirak edib. Digər rayonlarda arpa biçininin başlaması ilə əlaqədar kənardan cəlb edilmiş kombaynların bir hissəsi öz dislokasiya ərazilərinə qaytarılıb. Hazırda Neftçalada gedən biçin prosesində 72 kombayn iştirak edir. Bunlardan 19-u “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Neftçalaya 24 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 29 özəl kombayn da cəlb olunub. Rayonun arpa sahələrində biçin prosesinin iyun ayının ikinci ongünlüyündə tam başa çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda respublikanın 36 rayonunda arpa biçini davam edir. Bu günə qədər 54400 hektar sahədə arpa biçini başa çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20586 hektar artıqdır. Sahələrin 19380 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Biçin prosesi davam edir.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf Mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün Nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişi vəziyyəti gündəlik olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir.

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib. Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları  idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumlikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

Həmçinin, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır.

Hər il olduğu kimi bu il də, kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçirilir. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlilik sisteminə  nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək.

2023-cü il mövsümündə taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunlardan 670 kombayn “Aqroservis” ASC-nin balansında olan kombaynlardır.