“Əbədi qəhrəmanlar” adlı tədbir keçirildi - Fotolar

ebedi-qehremanlar-adli-tedbir-kecirildi
Oxunma sayı: 695

Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş  “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Günü gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürür.

Azərbaycan xalqı bu şanlı qələbəni Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə edib:

“Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır. Prezident İlham Əliyev müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsi birdəfəlik həllini tapdı. Ölkə başçısı tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi”.

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör Zəfər Günü münasibətilə tədbir  iştirakçılarını təbrik edib. Bildirib ki, Türkiyə və Azərbaycan ərazi bütövlüyü uğrunda oxşar mücadilə aparıb, şəhidlər verib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib və  bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. 

Sonra bəstəkar Eyvaz Həşimovun rəhbərliyi altında “Hicaz” qrupunun çıxışı olub. Kompozisiyanın təqdimatında musiqiçilər Nahidə Eminova, Fuad Eminov, Niyaməddin Allahverdiyev, Elnur Hüseynov, Azad Yusubov və rejissor Abdulqəni Əliyev iştirak ediblər. Şəhid övladlarından ibarət xor qrupunun ifasında “Qəhrəman övladıyıq” mahnısı ifa olunub. Mahnının bəstəsi və sözləri şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə professor Könül Hüseynovaya aiddir.

Tədbirin sonunda isə BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşlarının hazırladıqları bədii proqram təqdim olunub.