“Qafqazinfo” müsahibədən kiçik bir hissəni təqdim edir:
- Zaman Əkrəm Əylisliyə heykəl qoysa, onda Zahid Oruc nə deyəcək?
– Burda məsələ bir qədər fəqlidir.
– Yəni sizin dediyiniz kimi, əgər zaman istedada qiymət verirsə, deməli, Əkrəm Əylislinin heykəlini elə indidən gözümüzün qabağında canlandıra bilərik.
– Kimsə iddia edirsə ki, Əkrəm Əylisli qələm qabiliyyətinə görə aşağı yerdə durur, bu, çox yanlış olardı. Hətta siyasi mövqe sahibləri də bunu iddia edəndə mən Stalinin o məşhur hərəkətini xatırlayıram. Bilirsiniz ki, hətta bütün filmləri də o vaxtlar Dövlət Film Fondunun əvəzolunmaz rəhbəri olaraq, birinci şəxs özü qəbul edirdi və yalnız onun razılığından sonra sovet xalqı həmin əsəri izləyə bilirdi. Bir dəfə çox böyük zəhmət və xərc hesabına başa gəlmiş bir bədii nümunəyə Stalindən sərt təpki olur. Rəhbəri qəzəbləndirən səbəb çox sadəymiş. Kinossenaristlər bütün süjet boyu Hitleri Sovet liderinin kölgəsində bir əbləh və maymaq yerində vermişdilər. Stalin bütün yaradıcı heyəti qınayır ki, məgər o, 5 il bir paranoik və əfəllə vuruşub? Yəni, Stalinin bu fikrindən çıxan nəticə ondan ibarətdir ki, Heydər Əliyev kimi nəhəng bir adam Əkrəm Əylislinin qələm qabiliyyətini qiymətləndirmiş və ona dövləti adlar vermişdi. Lakin təmsil etdiyin xalqa nifrət etməklə ucalmaq və içində gəzdirdiyin idealları ermənilərin obrazında qələmə almağın başqa bir qiyməti ola bilməzdi, necə ki, Azərbaycan cəmiyyəti də həmin kəskin reaksiyanı heç bir tituluna baxmadan Əkrəm Əylisliyə göstərdi.
– Bəs niyə Heydər Əliyev kimi nəhəng bir adamın yüksək qiymətləndirdiyi Əkrəm Əylisli ilə İTV-dəki debatda Zahid Oruc üz-üzə oturmuşdu?
– Mənim də pislədiyim və onunla üz-üzə söhbətdə, yaxud məqaləmdə kəskin qınadığım "Erməni yuxuları" Əylislinin elan etdiyi mərama heç cür uyğun deyildi. Guya düşmənçilik ruhunu ortadan qaldırmaq, səhvlərə görə bir xalq adından üzr istəmək və bir neçə obrazın timsalında qaniçən azərbaycanlının təsvirini verməyə biz heç cür dözə bilməzdik. Məgər müharibə istəməyən və sülhü tərənnüm edən yazıçı dostluq körpüsünü öz millətinin alçaltdığı siması üzərində qurmalıdır? Bizim davamıza neytral mövqedən baxan istənilən xalqın nümayəndəsi Əylislinin verdiyi simalarla heç zaman bir masa arxasında əyləşməz, ondan özünə etibarlı qonşu düzəltməzdi. Bəli, Cəlil Məmmədquluzadənin “Tar”, “Usta Zeynal” və başqa əsərlərində Azərbaycan insanı çox tənqid olunub.Yazıçının vəzifəsi pisləməkdir ki, millətini böyütsün və bələ ədəbi müxaliflik çox faydalı missiyadır. Bunlar aydındır və təkcə əmrlə, göstərişlə xalqı sivil millətlər sırasına çıxarmaq mümkün olmur. Mən Əkrəm Əylisliyə də dedim, hər bir yazıçı öz xalqının çiyinlərində torpağa tapşırılmağı göz altına almalıdır. Bir beynəlxalq mükafat üçün Orxan Pamuk nümunəsini təkrarlamaq çox təhlükəli və səhv yoldur.
– Heykəl...
– Hə... Birdən 2050-ci ildə düşünüb Əkrəm Əylisliyə heykəl qoymaq istəsələr, biz bu zamandan durub o dövrə əmr edə bilmərik, lakin əminəm ki, Əkrəmin heykəli “istedadlı xəyanətkar” obrazına daha çox yarayacaq.
Son xəbərlər
Son Xəbərlər