Əli Əsədovla Fuat Oktay arasında telefon danışığı oldu

eli-esedovla-fuat-oktay-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 1044

Martın 28-də Baş nazir Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) “Qafqazinfo”ya verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Dövlət başçılarının tapşırıqlarının icrası məqsədilə Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində həyata keçirilən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri müzakirə edilib.

F.Oktay Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və bərpa-quruculuq tədbirləri barədə məlumat verib.