“Elm və təhsil obyektivdə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

elm-ve-tehsil-obyektivde-musabiqesinin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 234

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, millət vəkilləri, müsabiqənin münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgi ilə tanışlıq olub. Tədbir çərçivəsində həmçinin müsabiqənin münsiflər heyətinin sədri, ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” mövzusunda foto gușə təqdim edilib. Guşədə ulu öndər Heydər Əliyevin müxtəlif təhsil müəssisələrində şagird və tələbələrlə birlikdə çəkilmiş 30-a yaxın fotosu nümayiş etdirilib.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamlayaraq foto və videonun yaddaşı və tarixi yaşadan mühüm vasitə olduqlarını qeyd edib. Nazir müavini bildirib ki, foto yalnız görüntü deyil, eyni zamanda insanlara emosiyaları və hissləri ötürən güclü bir vasitədir. F. Qurbanov foto sənətinin inkişaf mərhələlərinə toxunaraq bu sahənin sürətlə rəqəmsal mərhələyə keçdiyini deyib.

Nazir müavini tədbir çərçivəsində Ulu Öndərə həsr olunmuş foto guşənin təqdim edilməsinin xüsusi məna daşıdığını bildirib, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Firudin Qurbanov əsası Ümummilli Lider tərəfindən qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Digər çıxışçılar müsabiqənin elm və təhsil sahəsində baş verən proseslərin vizual ifadəsinin təşviqi, eləcə də yaradıcı şəxslərin və media nümayəndələrinin bu sahədə fəal iştirakının artırılması baxımından əhəmiyyəti vurğulayıblar. 

Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilib. Foto kateqoriyası üzrə ilk üç yerin qaliblərinə diplomlar, ən yaxşı beş işin müəlliflərinə isə həvəsləndirici sertifikatlar təqdim olunub. Video kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib. Digər iştirakçılara müsabiqədə iştiraklarına dair sertifikatlar verilib.

Qeyd edilib ki, foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilən müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər.

Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Qəbul olunan işlərdən 10-u video, 235-i isə foto materiallardır. Müsabiqə qaydalarına uyğun olaraq texniki meyarlara cavab verən 25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.

Müsabiqənin əsas məqsədi elm və təhsil prosesində maraqlı tərəflərin iştirakının artırılması, aktual mövzulara fərqli baxış bucaqlarından yanaşılmaqla keyfiyyətli və yaradıcı vizual məzmunun formalaşdırılmasını təşviq etmək olub.

Qeyd edək ki, “Qafqazinfo”nun əməkdaşı Xəyal Vəlizadənin çəkdiyi videosüjet müsabiqədə I yerə layiq görülüb.