Emin Həsənov qanunvericiliyə dəyişikliklərlə bağlı bu təklifləri verir - Müsahibə

emin-hesenov-qanunvericiliye-deyisikliklerle-bagli-bu-teklifleri-verir
Oxunma sayı: 6140

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Emin Həsənov seçki platforması və qanunvericiliyə dəyişikliklərlə bağlı təklifləri haqda müsahibə verib.

“Qafqazinfo” E.Həsənovun müsahibəsini təqdim edir:

-Zəhmət olmasa, özünüz haqda seçicilərinizə məlumat verərdiniz.

-Mən Həsənov Emin Rasif oğlu 05 avqust 1990-ci ildə Zəngilan şəhərində anadan olmuşam. 2008-ci ildə yüksək balla BDU-nun hüquq fakültəsinə daxil olmuşam. 2012-ci ildə universiteti bitirib hərbi xidmətə yollanmışam. 2013-cü ildə  hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi xaricdə davam etdirmək qərarına gəldim və bir müddət sonra Avropanın ən nüfuzlu univeristetlərindən hesab edilən Almaniya Federativ Respublikasının Münhen Ludviq-Maksimilians Universitetinə (Ludwig-Maximilians-Universität   München) qəbul oldum   və   magistratura   pilləsində təhsilimi davam etdirdim. Təhsilimi alman dilində davam etdirdiyim üçün tələbə olarkən Almaniyanın Münhen şəhərindəki Ehlers, Ehlers and Partner, Junica kimi hüquq bürolarında işləməyə başladım. Təhsilimi müvəffəqiyyətlə bitirdikdən sonra isə Münhenin ən qabaqcıl hüquq bürosunda fəalliyyətə başladım və uzun muddət həmin büro ilə əməkdaşlığımı davam etdim. Almaniyada   olduğum   müddətdə diasporaçılıq fəaliyyətini təşviq etməyə başladım. 2018-ci ildən Almaniya-Azərbaycan Gənclər Təşkilatının sədriyəm. Alman, ingilis, rus və türk   dilləri olmaqla 4 xarici dili mükəmməl bilirəm. 

-Bir hüquqşünas olaraq Siz qanunverici orqanın həyata keçirməli olduğu dəyişiklik layihələrini hansı formada görürsünüz?

-Qanunvericiliyə edilən dəyişiklik xaotik xarakter daşımamalı, praktik və səmərəli, ardıcıl və sistemli yanaşma nəzərə alınmalıdır. Mən sizə bəzi konkret nümunələr gətirmək istəyirəm. Baxın, konstitusiyanın 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bunun məntiqi davamı olan Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının İnsan hüquqlarına hörmət olunması öhdəliyi adlanan ana - 1-ci maddəsinə əsasən, Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Buna hüquqda Dövlətin pozitiv öhdəliyi deyilir. Bu norma gəlişi və ya səslənişi gözəl ifadələr deyil, arxasında Avropa İnsan Haqları Məhkəməsinin minlərlə qərarı var.  Bunun məntiqi davamı olaraq “Səmərəli hüquqi müdafiə vasitələri hüququ”nu təsbit edən Konvensiyanın 13-cü maddəsinə əsasən, Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Yəni sadə sözlərlə desək, vətəndaşın Konstitusyon və Konvension hüquqlarını təmin etmək üçün dövlət öz qanunvericiliyində hüquqi əsaslar yaratmalı və həmin əsaslar (hüquq və müdafiə vasitələri) səmərəli və keyfiyyətli olmalıdır. Təbii ki, bunu hərfi mənada başa düşmək lazım deyil. Qanunun keyfiyyəti dedikdə, onun əlçatanlığı və hüquqi yardımdan istifadə edilməklə belə olsa, sadə vətəndaşın onu dərk edə bilməsi nəzərə alınır. Əgər fikir verdinizsə, mən qanunyaratma prosesində ardıcıl və sistemli yanaşmanın nəzərə alınmalı olduğunu qeyd etdim. Bilirsiniz ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvüdür, odur ki, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlar, presedent hüququ Azərbaycanda da tətbiq olunur. Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə isə iki istiqamətdə tədbir görülür: ümumi və fərdi tədbirlər. Fərdi tədbirlər konkret ərizəçiyə münasibətdə tətbiq edilən tədbirlərdir. Ümumi tədbirlər isə Məhkəmənin qanunvericilikdəki və ya hüquqtətbiqetmə praktikasındakı boşluqların aradan qaldırılması ilə bağlı olan tədbirlərdir. Azərbaycana qarşı qəbul edilən bir neçə qərardan sonra qeyd etdiyim ümumi tədbirlər həyata keçirilib. Məsələn, Qarayev Azərbaycana qarşı iş üzrə qərarını qeyd etmək olar və ya qəbul edilən bir neçə qərardan sonra ittiham aktının məhkəməyə göndərilməsi zamanı nəzərə alınmalı müddətlərlə bağlı edilən cinayət prosessual qanunvericiliyə olan dəyişiklikləri və ya Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının nəzərə alınması ilə bağlı mülki və cinayət prosessual məcəllələrinə edilən dəyişiklikləri – yeni hallar üzrə olan icraatı qeyd edə bilərəm. Lakin dəyişikliklər bununla kifayətlənməməlidir. Tək Azərbaycanla bağlı olan qərarlar yox, ümumiyyətlə, Strasburq məhkəməsinin bütün qərarları izlənməli və ondan irəli gələn ümumi tədbirlər həyata keçirilməlidir. Bu, nəticə etibarilə ölkəmizin Avropa məkanında olan imicinin və nüfuzunun daha da artması ilə nəticələnəcək və Azərbaycanın da mütərəqqi təcrübəsinin öyrənilməsinə, örnək olmasına gətirib çıxaracaq. Əslində belə nümunələr də var. Məsələn, Əsədbəylinin, eləcə də Fətullayevin Azərbaycanla bağlı işləri üzrə Avropa Məhkəməsi hakimlərin təyinatı prosesini nəzərdən keçirmiş və bunu gözəl nümunə kimi təqdim etmişdir. Bu, təbii ki, təqdirəlayiq haldır. Belə nümunələri çoxaltmaq mümkündür. Buna bizim potensialımız var. Avropa Məhkəməsinin qərarlarından irəli gələn ümumi tədbirlərin tətbiqi imkanı ilə bağlı hazırda o qədər nümunə gətirə bilərəm ki... Nəticə etibarilə bu, Azərbaycanın reytintiqinə təsir edəcək. Düşünürəm ki, biz Avropa təhsilli gənclərin də məqsədi və əsas amalı cənab Prezidentin müəyyənləşdirdiyi məqsədyönlü, davamlı strategiyasına bu cür əməli addımlarla və real layihələrlə dəstəkləməliyik. Yəni velosiped ixtira etməyə zərurət yoxdur, sadəcə mövcud olanı öyrənib ən yaxşısını tətbiq etmək lazımdır.

-Platformanızda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından danışırsınız. Bunu necə görürsünüz?

-Suala konkret və birbaşa cavab verəcəm. Azərbaycan dövləti adından Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq lazımdır. Bunun üçün beynəlxalq hüquqla tənzimlənən alətlər və təcrübə mövcuddur. Mən bu təcrübəni xeyli öyrənmişəm. Bizim dərdimizi bizdən yaxşı bilən olmasa da, bu sənədin hazırlanması  kifayət qədər səriştə, beynəlxalq hüquq üzrə bilgilər tələb edir. Dövlətlərarası iddianın hazırlanması çox zəhmətli və ağır bir prosesdir. Amma bununla belə, düşünürəm ki, bunun üçün xaricdən hüquqşünasların cəlb edilməsinə ehtiyac yoxdur. Şəxsən mən Azərbaycan dövləti adından Ermənistana qarşı belə bir iddianı hazırlamaq iqtidarında olan və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnu çox gözəl bilən vətənpərvər hüquqşünaslarımızı tanıyıram, hansılar ki, bu imkanın onlara yaradılmasını arzulayırlar və onun həsrətindədirlər, Konvensiya biliklərini Azərbaycanın mənafeyi naminə tətbiq və istifadə etmək üçün Dövlətimizin “əmrini” gözləyirlər. Beynəlxalq məhkəmədə təbii ki, uğurlarımız var. Məsələn, Çıraqovların Ermənistana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarı gözəl nümunədir. Doğrudur, nə qədər bundan qaçmağa cəhd göstərilsə belə, Avropa İnsan Haqları Məhkəməsi siyasiləşmiş qurumdur. Bunun sübutu da qeyd edilən işlə yanaşı, müəyyən balans yaratmaq üçün Sarkisyanın Azərbaycana qarşı qəbul edilən qərarıdır. Həmin qərarlar xeyli müzakirəyə səbəb olmuşdu. Lakin həyata keçirilən hüquqi tədbirlər ardıcıl olmalıdır, bir yerdə dayanmaq olmaz. Mənim qeyd etdiyim məsələ sırf Azərbaycan dövləti adından Ermənistana qarşı ərizənin hazırlanmasıdır. Təbii ki, burda Konvensiyanın bir sıra maddələrinin pozuntusunu və Ermənistana qarşı kompensasiya tələbini qoymaq mümkündür və əminəm ki, düzgün tərtib olunduğu təqdirdə, siyasi amillərə baxmayaraq, uğur qazanmaq mümkündür. Bunun üçün Məhkəmənin qəbuledilənlik meyarlarını və mövcud təcrübəni düzgün tətbiq etmək lazımdır. Qeyd etdiyim kimi belə təcrübə artıq Avropa məkanında mövcuddur. Məsələn, Gürcüstanın Rusiyaya qarşı Böyük Palata qərarı var... Bu təcrübədən Azərbaycanımızın çıxarları naminə düzgün istifadə etmək lazımdır. Bir neçə ay bundan əvvəl mətbuatda “Azərbaycan Ermənistana qarşı 50 milyard manatlıq iddia qaldırır” başlıqlı məqalə oxuyanda çox sevindim. Mən əminəm ki, bu yazıdan sonra Avropa Məhkəməsinin presedent hüqunu bilən hüquqşünaslarımız tərəfindən dövlət başçısına müraciətlər olmuşdur. Lakin sonradan bu məsələ nədənsə gündəmə gəlmədi.

-Çıxışlarınızda ən qabaqcıl və sınanmış Avropa təcrübəsinin Azərbaycanda tətbiqi zərurətini bildirirsiniz. Bununla bağlı fikirləriniz nədir?

-Hərbi xidmətimi başa vurduqdan sonra hüquq sahəsində təhsilimi davam etdirmək üçün Avropanın ən nüfuzlu univeristetlerindən hesab edilən Almaniya Federativ Respublikasın Münhen Ludviq-Maksimilians Universitetinə (Ludwig-Maximilians-Universität München) qəbul oldum və magistratura pilləsində təhsilimi davam etdirdim. Məlum olduğu kimi Avropada iki hüquq sistemi mövcuddur: Roman-german və anqlo-sakson hüquq sistemi. Azərbaycanın hüquq sistemi də Roman-german hüququnun Almaniyada və Avstriyada tətbiq olunan german istiqamətinə əsaslanıb. Alman qanunvericiliyi bütün dünyada öz sosial yönümü, ədalətliliyi, ədalətli olduğu qədər sərtliyi və dəqiqliyi ilə xarakterizə olunur. Alman dəqiqliyi ifadəsi də məhz bundan doğur. Alman və ingilis dillərini akademik səviyyədə bildiyimdən və uzun müddət orada yaşayıb qanunvericiliyi praktik olaraq hüquqşünas kimi fəaliyyətimdə tətbiq etdiyimdən onun əsas mütərəqqi və sosial yönümlü istiqamətləri mənə məlumdur. Almaniyanın Münhen şəhərindəki Sanas, Ehlers, Ehlers and Partners, Junica kimi hüquq büroları ilə uzun müddət əməkdaşlıq etmişəm. Hazırda da dövlət başçısının gəncləşdirmə siyasətinə dəstək naminə dövlətimə və millətimə faydalı bir vətəndaş kimi töhfə verməyi özümə borc bilirəm.