“Emmi” 22 ildən sonra ilk dəfə təxirə salındı

emmi-22-ilden-sonra-ilk-defe-texire-salindi
Oxunma sayı: 1442

75-ci “Emmi” mükafatlandırma mərasiminin yayımı qeyri-müəyyən müddətə təxirə salınıb.

“Qafqazinfo” “Variety” nəşrinə istinadən xəbər verir ki, mərasim sentyabrın 18-də keçirilməli idi, lakin Hollivudda aktyorların etirazları səbəbindən hər şey dəyişib.

Belə ki, iyulun ortalarında Hollivudda başlayan etirazlara səbəb Kino və Televiziya Prodüserləri Alyansının SAG-AFTRA Həmkarlar İttifaqı ilə uğursuz danışıqları olub. Aktyorlar, ssenaristlər və Hollivudun bütün əməkdaşları maaşlara yenidən baxılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edir. Etirazların davam etdiyi vaxt ərzində heç kim filmlərə çəkilmir, müsahibə vermir və hətta yeni ekran işlərinin premyeralarına qatılmır.

Ötən həftə Teleakademiyadan bildirmişdilər ki, etirazlarla bağlı vəziyyəti diqqətlə izləyirlər. Hər kəs danışıqların uğurlu keçəcəyinə ümid edir, daha sonra aktyorlar və Hollivudun bütün əməkdaşları işə başlayacaq.

Qeyd edək ki, sonuncu dəfə belə bir hal 2001-ci il 11 sentyabr hadisələri fonunda yaşanmışdı.