Ən çox qol vuran komandalar qarşılaşacaq

en-cox-qol-vuran-komandalar-qarsilasacaq
Oxunma sayı: 637

Geridə qalan tur hər iki komanda üçün heç-heçə ilə yadda qaldı. “Xəzər Lənkəran” səfərdə “Bakı” ilə qarşılaşdığı oyunda ilk hissədə bir top üstün olsa da, nəticədə oyun 2:2 hesabı ilə başa çatdı. Bu, komanda üçün mövsümdə ikinci heç-heçə oldu. “Kəpəz” isə ötən həftə öz meydanında “Neftçi”ni qəbul edirdi. Gəncə komandası da həmin qarşılaşmada fasiləyə üstün yollansa da, nəticədə bir xal əldə etdi – 1:1.

Növbəti oyun “Xəzər Lənkəran” üçün mövsümdə altıncı ev qarşılaşmasıdı. Bundan əvvəl Lənkəranda keçirilmiş beş matçın hamısında komandamız qalib gəlib. Mirça Rednikin yetirmələri bu oyunlarda 9 dəfə fərqlənib, buraxılan qolların sayı isə 3-dü.

“Kəpəz” üçün də növbəti səfər mövsümdə sayca altıncıdı. Gəncə klubu bu görüşlərin birindən qalib ayrılıb, bir dəfə heç-heçə oynayıb, üç dəfə də məğlub olub. Komanda bu oyunlarda buraxdığı 9 qol müqabilində rəqib qapısında 6 top keçirib.

Bu komandalar arasında oyunu çempionatın ən çox qol vuran komandalarının qarşılaşması adlandırmaq olar. “Xəzər Lənkəran” hazırda vurulan qollar qrafasında 16 topla yarışın ən məhsuldar komandasıdı. “Kəpəz” isə cari çempionatda 15 qol vurub ki, bu göstəriciyə görə “Neftçi” ilə ikinci-üçüncü pillələri bölüşür.

“Kəpəz” həmçinin hazırda çempionatda ən çox qol buraxmış komandadı – 16 qol. “Xəzər Lənkəran” isə bu mövsüm cəmi 7 qol buraxıb və komanda bu nəticəyə görə ancaq qapısında 6 qol görmüş “İnter”dən geri qalır.

“Xəzər Lənkəran” bu günə kimi üç dəfə öz meydanında “Kəpəz”i qəbul edib. 2004/2005 mövsümündə komandamız 2:0 hesabı ilə üstün olub, növbəti mövsümdə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Gəncə təmsilçisinin yüksək liqaya qayıdışı ilə yadda qalan ötən mövsümdə isə komanda Lənkəranda 1:0 hesablı qələbə qazanıb. O matçda yeganə qolun müəllifi Allan Lalin olmuşdu.

Bu oyunda Emeka Opara meydana çıxarsa, “Xəzər Lənkəran” formasında 50-ci matçını keçirmiş olacaq. Andrey Mureşan üçün isə qarşıdakı görüş komandanın heyətində sayca 30-cu ola bilər. Zədəli futbolçulara gəldikdə, fərdi məşqlərə başlamış Elvin Beqiri hazırda bərpa prosesini keçir. Ötən oyunda qırmızı vərəqə almış Alim Qurbanov da “Kəpəz”lə oyunu buraxmalı olacaq.