Ərdoğan 10 səfiri “persona non qrata” elan etdi

erdogan-10-sefiri-persona-non-qrata-elan-etdi
Oxunma sayı: 6716

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamı Osman Kavala ilə bağlı bəyanat imzalayan 10 ölkənin səfirinin “persona non qrata” elan edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə təlimat verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Eskişehir millət bağçası, xalq kitabxanası və icrası başa çatan bir sıra layihələrin açılış mərasimində çıxış edərkən deyib. ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri ilə bağlı sərt danışan Ərdoğan deyib: 

“Yatıb-qalxırlar Kavala, Kavala. Kavala deyilən də “Soros”un Türkiyə şöbəsidir. 10 nəfər səfir ondan ötrü Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir? Siz buranı nə zənn edirsiniz? Bura Türkiyədir. Türkiyə… Bura düşündüyünüz kimi qəbilə dövləti deyil. Burada təlimat verməyə cəhd edə bilməzsiniz… Lazımi təlimatı Xarici İşlər Nazirliyinə verdim. Bu 10 nəfər səfiri “arzuolunmaz şəxs” elan edəcəksiniz dedim. Bunlar Türkiyəni tanıyacaq, anlayacaq, biləcəklər. Türkiyəni bilmədikləri, anlamadıqları gün buranı tərk edəcəklər”. 

Xatırladaq ki, oktyabrın 18-də iş adamı Osman Kavalanın həbsinin 4-cü ili səbəbindən ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya birgə bəyanat imzalayıblar. 

Qeyd edək ki, Osman Kavala 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub.