Azərbaycanın çoxəsrlik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız doğulduqları torpağın deyil, bütövlükdə geniş coğrafiyanın elmi, fəlsəfi və mədəni inkişafına təsir göstərib. Belə mütəfəkkirlərdən biri də XVI əsrin ikinci yarısı – XVII əsrin ortalarında yaşamış görkəmli Azərbaycan filosofu, alimi və şairi Yusif Qarabağidir. Onun həyat və yaradıcılığı Azərbaycanla Orta Asiya arasında əsrlər boyu mövcud olmuş elmi-mədəni əlaqələrin parlaq nümunələrindən biridir. Həyat yolu Qarabağdan başlayaraq Səmərqənd və Buxaranın məşhur elm ocaqlarına qədər uzanan Yusif Qarabaği burada yalnız öz dövrünün böyük alimi kimi tanınmayıb, həm də fəlsəfi düşüncənin, məntiqin, kəlamın və digər elmlərin inkişafına mühüm töhfələr verib.
“Qafqazinfo” xəbər verir ki, AZƏRTAC görkəmli filosof, şair Yusif Qarabağinin həyat və yaradıcılığına nəzər salır.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Yusif Qarabaği irsinin yalnız Azərbaycan fəlsəfəsi tarixinin deyil, Azərbaycan–Özbəkistan münasibətlərinin çoxəsrlik elmi və mədəni təməllərinin də mühüm hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, alimin irsi Azərbaycan və Mərkəzi Asiyanın elmi, fəlsəfi və ədəbi mühitləri arasında əlaqələrin qədim dövrlərə təsadüf etdiyini göstərən mühüm nümunədir.
“Ümumiyyətlə, Yusif Qarabağinin irsini araşdırdıqda məlum olub ki, onun hazırda əlimizə çatan 24 əlyazması mövcuddur. Həmçinin 1619-cu ildə Buxara hökmdarı Bahadur xanın Yusif Qarabağinin şərəfinə kitabxana tikdirdiyi və alimi həmin kitabxananın rəhbəri təyin etdiyi barədə məlumatlar var. Bütün bunları nəzərə aldıqda Yusif Qarabağinin portretinin hazırlanması, əsərlərinin elmi dövriyyəyə daxil edilməsi, habelə həyat və yaradıcılığı ilə bağlı yeni arxiv və elmi araşdırmaların aparılması qarşımızdakı əsas məqsədlərdən biridir”, – deyə direktor vurğulayıb.
Yusif Qarabağinin elmi fəaliyyətinin ən parlaq dövrü Buxara ilə bağlıdır
Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği XVI əsrin ikinci yarısında Qarabağ mahalında dünyaya gəlib. İlk təhsilini doğma yurdunda alan Yusif Qarabaği daha sonra dövrünün mühüm elm mərkəzlərinə üz tutub. O, İranda tanınmış alim Həbibullah Mirzəcan Şirazinin tələbəsi olub. Müəlliminin elmi məktəbində fəlsəfə, məntiq, fiqh, kəlam və digər elmləri dərindən mənimsəyən Yusif Qarabaği sonralar müəllimi ilə birlikdə Orta Asiyaya gedib. Onun həyatında Səmərqənd xüsusi mərhələ təşkil edib. Burada elmi və pedaqoji fəaliyyət göstərən Yusif Qarabaği böyük nüfuz qazanıb və “Böyük Axund” adı ilə tanınıb. 1590-cı ildə Səmərqənddə olarkən Mövlana Cəlaləddin Dəvvaninin “Şərhi-əqayidi-əzüdi” əsərinə yazdığı haşiyə onun elmi yaradıcılığının mühüm nümunələrindən biri olub. Sonralar “Haşiyəyi-Xanəgahi” adı ilə məşhurlaşan bu əsər Yusif Qarabağinin fəlsəfi mübahisələrdəki mövqeyini və elmi hazırlığını nümayiş etdirib. Yusif Qarabaği həmin dövrdə mənəvi-fəlsəfi axtarışlarını da davam etdirib və Nəcməddin Kübranın adı ilə bağlı “Kübraviyyə” təriqətinə qoşulub. Beləliklə, onun dünyagörüşündə rasional fəlsəfi düşüncə ilə mənəvi-etik axtarışlar bir-birini tamamlayıb.
.jpg)
Yusif Qarabağinin elmi fəaliyyətinin ən parlaq dövrü Buxara ilə bağlıdır. Alim orada dövrün nüfuzlu elm və təhsil mühitinə daxil olub, fəlsəfə, məntiq və kəlam sahələrində dərs deyib, alim və tələbələr yetişdirib. Onun nüfuzu Buxara hökmdarı Bahadur xanın sarayına qədər çatıb. Mənbələrdə alimin hökmdarın yaxın məclislərində iştirak etdiyi və yüksək elmi nüfuz sahibi olduğu bildirilir. Yusif Qarabağinin Buxaradakı fəaliyyəti bununla məhdudlaşmayıb. Onun əsərləri və elmi fikirləri Orta Asiyanın müxtəlif elm və təhsil mərkəzlərində yayılıb. Tədqiqatlarda alimin əsərlərinin uzun müddət Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi istifadə edildiyi göstərilir.
Yusif Qarabaği müasirlərinin gözündə - alimlərin sultanı
Yusif Qarabağinin öz dövründəki elmi nüfuzunu anlamaq üçün onun müasirlərinin verdiyi qiymətlər xüsusi əhəmiyyət daşıyır. Xacə Seyid Şərif Raqim “Tarixi-Raqim” əsərində Yusif Qarabağini son dərəcə yüksək ifadələrlə xarakterizə edib. Raqimin təsvirinə görə, Yusif Qarabaği elmlər sahəsində müasirlərindən seçilən, xüsusilə fəlsəfə və nücum elmində öz dövrünün misilsiz alimlərindən biri olub. “Alimlərin sultanı, fazillərin sübutu olan Yusif Qarabaği mənalar misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib, elm səmasında 14 gecəlik ay kimi şəfəqlənmişdir”, – deyə əsərdə qeyd olunur. Bu qiymətləndirmə təsadüfi deyildi. Yusif Qarabaği fəlsəfə, məntiq, kəlam və digər elmlərlə yanaşı, astronomiya və nücum sahəsində də bilik sahibi olub. Onun çoxşaxəli elmi fəaliyyəti dövrün klassik Şərq alimi modelinə uyğun olaraq müxtəlif elm sahələrini bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə öyrənməsinə əsaslanırdı. Xacə Seyid Şərif Raqim onu yalnız alim kimi deyil, həm də istedadlı şair kimi təqdim edib. Onun qəsidələrinin məzmun və bədii quruluş baxımından yüksək səviyyədə olduğunu vurğulayıb.
Yusif Qarabağinin poetik irsi XIX əsrdən etibarən azərbaycanlı alimlərin də diqqətini çəkib. Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini Azərbaycan ədəbiyyatı və elmi fikir tarixinin nümayəndəsi kimi xatırladıb.
Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Yusif Qarabağinin həyat və yaradıcılığı barədə məlumatları ümumiləşdirib, onun əsərləri və elmi fəaliyyəti haqqında mühüm faktlar təqdim edib. O, həmçinin alimin şairlik qabiliyyətinə diqqət çəkərək şeirlərindən nümunələr verib.
Tədqiqatçı Əhməd Əminzadə yalnız Özbəkistan Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmalara əsaslanaraq alimin iyirmiyə yaxın əsərinin adını müəyyənləşdirib. O, əvvəlcə “Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər” kollektiv əsərində filosof haqqında araşdırma aparıb, daha sonra “Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən” monoqrafiyasında Yusif Qarabağinin həyatına və fəlsəfi irsinə xüsusi fəsil həsr edib. Ə.Əminzadənin araşdırmalarında filosofun ontoloji, qnoseoloji və etik görüşləri geniş şəkildə təhlil olunub.
Türkiyəli tədqiqatçı Əbdürrəhim Gözəl isə Süleymaniyə kitabxanasında saxlanılan yeddi əlyazmasını qeyd edib.
Fəlsəfi irsi və elmi əsərləri
Yusif Qarabağinin əsərlərinin böyük hissəsi ərəb və fars dillərində qələmə alınıb. Filosofun yaradıcılığında ontologiya – varlıq haqqında təlim, qnoseologiya – idrak və bilik nəzəriyyəsi, etik məsələlər, məntiq və kəlam xüsusi yer tutur. “Yeddi bağ” və “Risalət əl-Xəlvətiyyə” əsərlərində insan, onun mənəvi dünyası, idrakı və əxlaqi mahiyyəti ilə bağlı düşüncələr sistemli şəkildə ifadə olunub. Həmçinin varlığın mahiyyəti, bilik və idrak məsələləri geniş şəkildə araşdırılıb. “Yeddi bağ” əsəri şərqşünas alim Məsiağa Məhəmmədi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.
Alimin yaradıcılığına məntiq və kəlam sahəsində yazılan əsərlər də daxildir. Ağa Hüseyn Xalxalinin yönəltdiyi tənqidlərə cavab olaraq Yusif Qarabağinin 1623-cü ildə Buxarada yazdığı “Tətimmətul-həvaşi fi izalətil-ğəvaşi” (“Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə”) əsəri elmi polemika ənənəsinin mühüm nümunələrindən biri hesab olunur.
Yusif Qarabağinin təsir dairəsinin genişliyini göstərən mühüm faktlardan biri onun əsərlərinin Orta Asiyanın təhsil sistemində uzun müddət istifadə edilməsidir. Çoxcildlik Azərbaycan və Özbəkistan tarixlərinə dair tədqiqatlarda alimin bir sıra fəlsəfi əsərlərinin Oktyabr çevrilişinə qədər Orta Asiya mədrəsələrində tədris edildiyi qeyd olunur. Akademik Həmid Araslı Yusif Qarabağini Orta Asiya xalqlarının mədəniyyətinə təsir göstərmiş Azərbaycan filosofu kimi xarakterizə edib. Bu baxımdan onun fəaliyyəti yalnız ayrı-ayrı əsərlərin yazılması ilə məhdudlaşmır. Qarabaği həm də elmi məktəb formalaşdıran, tələbələr yetişdirən və fəlsəfi düşüncənin yayılmasına xidmət edən alim kimi çıxış edib.
Yusif Qarabağinin əsərlərinin müxtəlif kitabxana və əlyazma fondlarında qorunması da onun irsinin geniş coğrafiyaya yayıldığını göstərir. Hazırda isə Yusif Qarabağinin “Haşiyə alə şərh əl-aqaid əl-adudiyyə” əsərinin onlarla nüsxəsi dünya kitabxanalarında, muzey və əlyazmalar xəzinələrində qorunub saxlanır. Belə ki, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu bu əsərin bir nüsxəsini aşkarlayıb. Əlyazma məcmuədir,“Haşiyə alə şərh əl-aqaid əl-adudiyyə” əsəri məcmuənin 9a-65b səhifələrini əhatə edir. Mətn qara mürəkkəblə əvvəli xırda nəsx, sonu iri nəsx xətti ilə Şərq istehsalı olan boz rəngli kağıza, şərti işarələr isə qara və qırmızı mürəkkəblə yazılıb. Vərəqlərin kənarlarında müxtəlif istiqamətlərdə şərhlər verilib. Əlyazmanın birinci səhifəsində kitabın keçmiş sahibləri haqqında katibin qeydləri var. Əsər Əbdülqəni Əfəndi Nuxəvinin kolleksiyasında mühafizə olunur.
Buxaradakı məzar – əsrləri birləşdirən yaddaş

Yusif Qarabağinin ömrünün son illəri Buxara ilə bağlı olub. Mənbələrə görə, alim 1644-cü ildə vəfat edib və Buxara ətrafında dəfn olunub. Alimin məzarının bu gün də Buxarada olması Azərbaycan və Özbəkistan arasında əsrlər əvvəl formalaşan elmi-mədəni əlaqələri bir daha təsdiqləyir.
Alimin irsinə marağın yalnız tarixi araşdırmalarla məhdudlaşmadığı son günlər Buxarada keçirilən beynəlxalq elmi seminarla da təsdiqlənib.
Avqustun 25-də Buxara Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan və Özbəkistan arasında elmi, mədəni və humanitar əlaqələrin inkişafına həsr olunmuş beynəlxalq elmi seminar keçirilib. İki ölkənin alimləri, tədqiqatçıları və elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova “Yusif Məhəmmədcan oğlu Qarabağinin elmi və fəlsəfi irsi: Azərbaycan ilə Özbəkistan arasında ortaq intellektual miras” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Qarabaği irsinin Azərbaycan fəlsəfi və elmi fikir tarixində yeri, Şərq fəlsəfi düşüncəsinin inkişafına təsiri və Azərbaycan–Özbəkistan arasında ortaq intellektual irsin əhəmiyyəti təhlil olunub. Xüsusi olaraq vurğulanıb ki, Yusif Qarabaği kimi mütəfəkkirlərin irsinin araşdırılması iki ölkənin ortaq tarixi və intellektual bağlarının daha dərindən öyrənilməsi üçün mühüm imkanlar yaradır. Eyni zamanda, onun əsərlərinin müasir elmi metodologiya əsasında tədqiqi və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi əhəmiyyətli istiqamətlərdən biri kimi qeyd olunub.
Beləliklə, Yusif Qarabağinin həyat və yaradıcılığı Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yalnız müasir siyasi və iqtisadi əlaqələrdən ibarət olmadığını göstərən tarixi nümunələrdəndir. Bu gün Buxarada onun məzarının ziyarət olunması, adının elmi seminarlarda çəkilməsi və irsinin yenidən araşdırılması həmin tarixi bağların müasir dövrdə də uğurla inkişaf etdiyini göstərir.