“Etdiyim əməliyyatla 3 ildən sonra yenidən görən xəstəm var” - Dr. Anar Abdullayev

etdiyim-emeliyyatla-3-ilden-sonra-yeniden-goren-xestem-var
Oxunma sayı: 7146

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tanınmış oftalmoloq-cərrah Anar Abdullayevdir. Müsahibimiz ən sıx rast gəlinən göz xəstəliyi - katarakta (mirvari suyu) haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Peşəkar oftalmoloq-cərrah Anar Abdullayev 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirb. 2012-ci ildə İstanbul Birinci Göz Xəstəxanasında (Türkiyə), 2012-2013-cü illərdə Sakarya Universitetində (Türkiyə),  2014-cü ildə "MN Eye Hospital"da (Hindistan, Çennai), 2017-ci ildə "Sourasky Medical Center"də (İsrail, Təl-Əviv), 2021-ci ildə Ankara İldırım Bəyazid Universitetində (Türkiyə) iş təcrübələri keçib. O, Türkiyə, Moldova, Avstriya, Fransa, Özbəkistan, Qırğızıstan da daxil olmaqla bir çox xarici ölkədə keçirilmiş beynəlxalq konfrans və simpoziumlarda iştirak edib.

Dr. Anar Abdullayev görmə zəifliyi, görmə qüsurlarının aradan qaldırılması, katarakta, qlaukoma, keratakonus, şəkərli diabetə bağlı olan diabetik retinapatiya kimi gözün ön şöbəsi və göz dibi xəstəliklərini yüksək peşəkarlıqla müalicə edir.  Avropa Katarakta və Refraktiv Cərrahlar Birliyinin, Türkiyə Oftalmologiya Dərnəyinin fəxri üzvüdür. Oftalmoloq-cərrah A.Abdullayev hazırda “Spero Hospital”da fəaliyyət göstərir.

-Katarakta nədir və necə yaranır?

-Hər bir insanın gözündə təbiətin bəxş etdiyi təbii linza var. Büllur adlanan bu linza şəffaf olur və göz bəbəyinin arxasında yerləşir. Onun funksiyası gözə düşən işığı gözün arxasına, göz dibinə ötürməkdir. Müxtəlif səbəblərdən büllurun şəffaflığı itir ki, buna da mirvari suyu, yəni katarakta deyilir. Bu xəstəlik, adətən, orta yaşdan yuxarı insanlarda yaranır. Lakin nadir hallarda gənclərdə, hətta körpələrdə də rast gəlinir. 

-Göz büllurunun şəffaflığının itməsi hansı səbəblərdən baş verir?

-Kataraktanı yaradan əsas amil yaşlılıqdır. Yaş artdıqca büllur öz  şəffaflığını itirir və bu zaman katarakta inkişaf etməyə başlayır. Lakin başqa səbəblərdən əmələ gələn katarakta növləri də var. Məsələn, travmalar, hər hansı bir xəstəliyə görə qəbul edilən dərmanlar səbəbindən də bu problem yarana bilər. Eləcə də başqa bir göz xəstəliyinin nəticəsi olaraq əmələ gələn ikincili kataraktalar, yenidoğulmuş uşaqlarda rast gəlinən anadangəlmə katarakta növləri də var.

-Kataraktanın hansı əlamətləri var? Həkimə nə zaman müraciət etməli?

-Əsas əlamətləri görmənin zəifləməyi, göz bəbəyinin ağarması kimi hallardır. Bu simptomlar varsa, gecikmədən həkimə müraciət etmək lazımdır. Katarakta oftalmoloq tərəfindən zəruri göz müayinələri ilə təyin olunur.

-Kataraktanın tək müalicə yolu əməliyyatdır?

-Bəli. Müasir tibbdə büllurun əvvəlki şəffaflığını bərpa edəcək dərman hələlik icad edilməyib. Bir sıra preparatlar var ki, guya kataraktanın inkişafını ləngidir. Bəzi həkimlər bu dərmanları təyin edir. Pasiyentlər həmin dərmanlarla sağalacaqlarına ümid etsələr də, heç bir nəticəsi olmur və sonda yenə əməliyyat lazım gəlir. O yararsız dərmanlar nəinki gözü sağaltmır, hətta kataraktanın inkişafını belə ləngidə bilmir.

-Gecikmiş kataraktalarda hansı ağırlaşmalar baş verə bilər?

-Katarakta həddindən artıq inkişaf edəndə biz buna ifrat yetişmiş katarakta deyirik. Düzdür, kataraktanın tək müalicə yolu əməliyyatdır. Lakin bu o demək deyil ki, katarakta diaqnozu qoyulan hər xəstə dərhal əməliyyat olunmalıdır. Buna göz cərrahı mövcud vəziyyəti dəyərləndirib qərar verir. Məsələn, pasiyentin görməsi kifayət qədər azalıbsa və həyat keyfiyyətinə ciddi təsir edirsə, əməliyyat göstərişdir. Onu da qeyd edim ki, kataraktanın fəsadlaşdığı məqamlar da var. Gecikmiş hallarda qara su deyilən qlaukomanın inkişafına səbəb olur. Odur ki, cərrahi müdaxilə göstərişdirsə, vaxt itirmədən əməliyyat olunmaq şərtdir.

-Hansı hallarda katarakta tam korluğa səbəb ola bilər?

-Əslində, korluq ifadəsini heç sevmirəm. Lakin gecikmiş kataraktalarda  görmənin tamam itməsi və bərpası mümkün olmadığı hallarla qarşılaşırıq. Əgər pasiyentin gözündəki tək problem kataraktadır və fəsadlaşmayıbsa, əməliyyatla görməsini bərpa edə bilirik. Lakin bəzi gecikmiş hallarda katarakta inkişaf edərək qlaukomaya keçir. Əgər bu ağırlaşma da müalicə olunmazsa, xəstə uzun müddət yüksək gözdaxili təzyiqlə gəzərsə, zamanla görmə sinirində hüceyrələr məhv olar. Belə olan halda görməni yenidən bərpa edə bilmirik. Onu da qeyd edim ki, bu, daha çox sosial durumu aşağı olan və ucqar ərazilərdə yaşayan insanlar arasında sıx rast gəlinir. Sevindirici haldır ki, son illər belə pasiyentlərlə nisbətən az qarşılaşırıq.

-Gözə yerləşdirilən linzalar necə seçilir?

-Hazırda gözdaxili linzaların çox böyük çeşidi var. İstehsal olunduğu materialdan tutmuş funksiyalarına qədər fərqli hazırlanmış linzalar tapmaq olar. Linzalar hər pasiyentə fərdi olaraq seçilir. Hər kəsə eynisini qoymaq doğru deyil. Son vaxtlar “akıllı lens” deyilən ağıllı linzalar çox populyarlaşıb. Bunlar bir neçə fokus nöqtəsi olan xüsusi linzalardır ki, əməliyyatdan sonra  pasiyentin uzaqgörməsi ilə yanaşı, yaxıngörməsini də artırır və eynəyə ehtiyac olmur. Lakin ağıllı linzalar da hər kəsə uyğun deyil.  Son vaxtlar sırf bu linzaların yaratdığı sıxıntılara görə müraciət edən xəstələr artıb. Ağıllı linzalardan məmnun qalmayan bir narazı pasiyent qrupu var. Odur ki, həkim linza seçərkən xəstənin həyat tərzini, gözləntilərini, gündəlik həyat rutinlərini mütləq nəzərə almalıdır. Dəfələrlə olub ki, xəstənin istəyinə əsasən ağıllı linzanı çıxardıb əvəzinə sadə linza qoymuşam.

-Katarakta əməliyyatı neçə dəqiqə çəkir?

-Bu cərrahın peşəkarlığına, təcrübəsinə bağlıdır. Həmçinin kataraktanın inkişaf dərəcəsindən asılıdır. Təcrübəli, peşəkar göz cərrahı, adətən, 5-15 dəqiqə ərzində katarakta əməliyyatını tamamlaya bilir. Lakin istisna hallarda əməliyyat nisbətən uzana bilər. Bu, xəstəliyin ağırlığından, fəsadlaşmasından asılıdır.

-Əməliyyatdan neçə gün sonra xəstə iş fəaliyyətinə qayıda bilər?

-Əməliyyatdan sonra bir həftə istirahət, ağır fiziki işlərdən uzaq olmağı tövsiyə edirik. Sağalan xəstə normal həyatına heç bir məhdudiyyət olmadan davam edə bilər.  

-Görməsi tamam itmiş və sizin etdiyiniz əməliyyatla yenidən görən pasiyentləriniz varmı?

-Peşəmi mənə ən çox sevdirən cəhət də məhz budur. Bəzən görməsini tamam itirmiş pasiyentlər də müraciət edirlər. Əməliyyatdan sonra yenidən gördükləri zaman yaşadıqları sevincə şahid olmaq, onların xeyir-dualarını eşitmək bir göz cərrahı üçün ən böyük mükafatdır. Bir həkim olaraq, o an hiss etdiklərimi sözlə ifadə edə bilmirəm. Yaxın günlərdə üç ildir görməyən 65 yaşlı bir xəstəni kataraktadan əməliyyat etdim. Səhəri günü sarğısını çıxardığımız  zaman gözlərini açdı və yenidən gördü. İlk dediyi söz bu oldu: “Görürəm! Məni 3 illik qaranlıq zülmətdən işığa çıxardınız”. Pasiyentdən bu sözləri eşitmək bir həkim üçün xoşbəxtlikdir! Tək bunun üçün hər əziyyəti çəkməyə, çalışmağa dəyər!

-Siz ən yeni üsullarla göz əməliyyatlarını icra edirsiniz?

-Bəli. Müasir cərrahiyyədə mövcud olan ən yeni üsulları, əməliyyat texnikalarını öyrənib təcrübəmizdə tətbiq edirik. Bilirsiniz ki, tibb hər gün yenilənən bir sahədir. Peşəkar həkim müasir cərrahiyyənin inkişafını izləməli, yenilikləri öyrənməli, daim öz üzərində çalışmalıdır. Bunun üçün hər il keçirilən beynəlxalq konfranslara, təlimlərə qatılır, yeni əməliyyat texnikalarını mənimsəyirik.

-Ölkəmizdə katarakta əməliyyatını uğurla və yüksək peşəkarlıqla icra edən mütəxəssislərdən birisiniz. Uğurlarınızın əsas səbəbi nədir?  

-Bütün cərrahi əməliyyatların uğurla başa çatması, ilk növbədə, həkimin peşəkarlığından, təcrübəsindən asılıdır. Təbii ki, texniki təchizatın yüksək səviyyədə olması, cərrahi komandanın hazırlığı da nəticəyə təsir edən amillərdəndir. Amma bütün halda baş rolda cərrah olduğu üçün əsas əziyyət, çətinlik və məsuliyyət də onun çiyinlərindədir. Çalışıram ki, məni seçən, müraciət edən hər pasiyentə fərdi yanaşaraq əlimdən gələn köməyi edim. Bir həkim olaraq, əsas vəzifəm cəmiyyətə xidmət etməkdir.

Qeyd: Dr. Anar Abdullayev göz xəstəliklərini peşəkarlıqla əməliyyat edən yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə (055) 256-50-40 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/dr.anarabdullayev feysbuk, “anarabdulla_dr” instaqram və https://www.youtube.com/channel/UCH_jBy1z0ycC6fAEpVFhgtg yutub hesabları ilə də Dr. A.Abdullayevə elektron müraciət etmək olar.