Dünən parlamentin iclasında deputat Etibar Əliyev təhsilin vəziyyəti ilə bağlı çıxış edib. O, ölkədə təhsilin durumu ilə bağlı tənqidi fikirlər səsləndirib, vəziyyətin tezliklə düzəldilməsinin zəruriliyini vurğulayıb. Milli Məclisin sədri Sahibə Qafarova da deputatın səsləndirdiyi fikirlərə cavab olaraq, ona təhsil sahəsində aparılan pozitiv işləri də qiymətləndirməyi tövsiyə edib və hər şeyin neqativ olmadığını parlamentarinin diqqətinə çatdırıb.
Dünənki iclasda digər həmkarlarının fikirləri ilə yanaşı, Etibar Əliyevin də fikri və ona verilən cavab heç bir fərq qoyulmadan saytımızda yayımlanıb. Sözügedən xəbər yalnız “Qafqazinfo”da deyil, ölkənin aparıcı agentlik və saytlarında da işıqlandırılıb. Amma nədənsə, deputat yazının “Qafqazinfo”da yayımlanmasından narahat olub və bizə ittihamlar yağdırmağa başlayıb.
Problem isə deputatın kağızda yazdığı, ancaq öz yazdığını da oxuya bilmədiyi bu cümlədən gedir: “Cari tədris ilində bütün ixtisas qrupları üzrə abituriyentlərin təxminən 50 faizi 0-150 bal toplayıb”.
Sizə təqdim etdiyimiz videodan da göründüyü kimi, deputat “Cari tədris ilində bütün ixtisas qrupları üzrə abituriyentlərin təxminən 50 faizi 0-50 bal toplayıb”, deyib. Deməli, deputat yanlışlıq verdiyi “0-50 bal” məsələsini israrla saytın parlament müxbirinin səhv yazdığını deməklə qalmayıb, ağlına və ağzına yaraşan şəkildə yalan ifadələrlə zənginləşdirərək geniş auditoriyaya çatdırıb.
Belə ki, dünənki iclasdan və sözügedən xəbər yazılandan sonra Etibar Əliyev sosial şəbəkə hesabında status yazaraq saytın ünvanına olmazın təhqirlər yağdırıb, ölkənin ən aparıcı xəbər saytlarından birinə “alçaq” deyərək müraciət edib.
.jpg)
Daha sonra isə ən ağır formalarda nəinki deputatın, heç küçə adamının da leksikonunda yer almasının qəbul edilməsi mümkün olmayan ifadələr işlədərək təhqirlərə yol verib.
O, paylaşımında iddia edib ki, “Qafqazinfo” bundan əvvəl bir neçə dəfə deputatın fikirlərini xüsusi maraq güdərək, qərəzli şəkildə təhrif edib. O, həmçinin çıxışlarının videosunun montaj, fikirlərinin təhrif edildiyini xüsusi vurğulayıb. Ona görə də məcburuq ki, deputatın istinad etdiyi və gündəmə gəldiyi fikirləri və skrinləri oxuculara bir daha təqdim edək. Video və skrinləri təqdim edərək nəyi təhrif edib-etmədiyimizi bir daha sizdən soruşmaq istəyirik. Baxın və özünüz müəyyən edin ki, nəyi təhrif etmişik?
Dünənki çıxışında əslində deputat haqlı olaraq tənqid etdiyi mövzunu xəbər çatdırılmasının imkan verdiyi formada təqdim etmişik. Əgər Etibar Əliyev düşünürsə ki, onun evdə yazdığı və Milli Məclisdə üzündən oxuduğu 4 səhifəlik A4 vərəqindəkilərin hamısını dərc etməli idik, burada yanılır. Baxmayaraq ki, daha öncə də Milli Məclisin tribunasına daşıdığı mövzunun ictimai maraqdan yox, şəxsi maraqdan qaynaqlandığı üzə çıxıb.
Məlum olub ki, təhsil nazirindən öz qohumu ilə bağlı etdiyi xahiş yerinə yetməyəndə deputatın gözləri parlamentdə “açılıb” və təhsil sahəsindəki neqativləri “görməyə” başlayıb.
.jpeg)
Bu ayrı mövzu ki Etibar Əliyev və onunkimilərə ciddi şəkildə başa salmaq lazımdır ki, Milli Məclisdəki tribuna xalqın və dövlətin sözünü demək üçündür, yüksəkvəzifəli məmurların qəbul otaqlarında, votsap yazışmalarında şəxsi xahişlərini dilənmək üçün deyil!
Bütün bunlar ayrı mövzudur və bizi ruhlandırır ki, bu məsələyə daha həssas yanaşıb ayrıca yazı həsr edək.
Deputatın misal çəkəcəyimiz vurduğu üçüncü “gül” isə daha əvvəlki iclasda Qarabağın işğaldan azad olunması ilə bağlı fikrini aydın ifadə edə bilməməsi, birinci sinif şagirdlərinin də bülbül kimi ötdüyü bir mövzuda elementar 3-4 cümləni sərbəst şəkildə səsləndirməməsi, dilinin topuq vurması, sanki “Qarabağ Azərbaycandır” ifadəsini deməkdə əziyyət çəkməsi ilə bağlıdır.
Hətta deputatın “Qafqazinfo”nu təhqir etdiyi statusunda misal gətirdiyi ermənilər belə, sərhədi keçərkən verdikləri müsahibələrdə Qarabağın Azərbaycana aid olduğunu daha aydın ifadə edirdilər. Ancaq Etibar Əliyev nədənsə, hətta yazdığı mətni belə üzündən oxuya bilmir, Çingiz Abdullayev demiş “ölmür utanmığdan”, hələ arsız-arsız medianı onun fikirlərini təhrifdə günahlandırır.
Təhsillə məşğul olduğunu iddia edən Etibar Əliyevin üzündən oxuya bilməməyindən, böhtan atmağından, yalan danışmağından görünür ki, o, nəninki orta məktəbdə, ali məktəbdə, sonrakı mərhələlərdə təhsillə bağlı məşğul olduğu məktəblərdə, hətta ölkənin ən ciddi məktəblərindən biri hesab olunan və bir vaxtlar ən çətin tərbiyə olunanların da, təlim gördüyü Milli Məclisdə də dərs ala bilməyib.
Bu fikirlərimizi atalar sözü ilə cilalasaq, “40-ında öyrənən gorunda çalar” deyiblər. Ancaq daha deməyiblər ki, təhsil və tərbiyə görməyənlər parlamentin tribunasına qədər gedib çıxa bilər. Görünür, Etibarkimilərin islah olunması üçün parlamentdə İntizam Komissiyası ilə yanaşı, təlim-tərbiyə komissiyası da yaradılmalıdır, yoxsa Etibar kimi qozbeli nəinki parlament, heç qəbir də düzəldə bilməyəcək.