“Yaxşı ki söz demək üçün 15 dəqiqə verməmişik” - Yenilənib

yaxsi-ki-soz-demek-ucun-15-deqiqe-vermemisik
Oxunma sayı: 9331

“Ölkədə kölgə təhsili, repetitorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq: “Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Həl il büdcəsi artan təhsil beləmi olmalıdır? Əlavə olaraq, bağça və məktəbəqədər təhsilə rayonlarda pul ayrılmır. Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?! Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”

Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə irad bildirib: “Yaxşı ki söz demək üçün reqlament 15 dəqiqə verməmişik. Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa, tikilən yeni binalardan deyin, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz”.

***

Daha sonra parlamentdə deputat Tahir Kərimli vətəndaşlarla keçirilən görüşlərdən danışıb: “Biz hamımız insanlarla görüşlər keçirib, tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq. Amma cənab Prezidentin arzusu bizim xalqla təmasda olmağımızdır. Niyə bəs biz onlardan qaçırıq?! Çünki bizim içimizdə yaxşılıq hissi də var, qorxuruq ki, o hiss oyanar. Bir çoxlarımız o şəraitdə vaxtilə yaşamışıq. Biz özümüzü indi ondan qoruyuruq. Bəs bizim xalqımız?! Orta pillə əhali üçün biz nə edirik?! Orta əhali boşdur. Kasıb və varlı əhali olmalıdır. Bəs orta boşdur axı. Mən istəyirəm, bizim xalq yaxşı yaşasın. Bəs bunun üçün nə edirik?! Şəhid ailələri, qazilər üçün xüsusi komitə yaradılmalıdır”.

Sədr Sahibə Qafarova bu çıxışa da etiraz edib: “Xalqdan deputat qaçır?! Kim qaçır?!”

Tahir Kərimli isə cavab olaraq bildirib ki, o, özünü deyir: “Qaçanlarımız var. Məmurlardan da, deputatlardan da. Mən Ağsu dolaylarından 10-cu dəfədir çıxış edirəm. Hər dəfə deyirlər gələn il, gələn il. Bəs nə vaxt olacaq bu? Camaata yardım lazımdır. Burada deyilən məsələlər xalqımızın dərdidir. Hər birimiz öz işimizə vicdanla yanaşsaq, onda dövlətimiz də irəli gedər. Biz xalqımıza, prezidentimizə layiq olmalıyıq. Olmur ki, biz ancaq özümüzə şərait yaradaq, camaat acınacaqlı yaşasın. Kim istəməz ki, innovasiya ilə ölkə inkişaf etməsin?! Hamı istəyər. Amma biz eləmədik də, eləmədik. Butkaları bağladıq, taksiləri ləğv etdik. Camaat ac qaldı, işsiz qaldı. Camaata imkan yaradılsın ki, onlar xırda təsərrüfatla məşğul olsun, büdcəyə də gəlir gəlsin”.

Sahibə Qafarova isə yenə Tahir Kərimliyə irad bildirib: “Mən istəyərdim ki, siz partiya sədri kimi büdcə haqqında daha yaxşı danışasınız, Xankəndinin büdcəsi haqqında fikir bildirəsiniz. Daha dəyərli fikirlər ortaya qoyasınız”.

Zaur Mirzə