"İsopiya"
Yanma! Atəş soyuqdur. Ondan qorxduğundan səni yandırar. Kibrit çöpünün üzrərində gəzişən alova diqqətlə bax, istəsən barmağını yandırmaz. Bəlkə yaxınlaşıb dərinə yüngülcə toxuna bilər. O səni sevsə, qoymaz ki, kül olasan. Necə ki, minilliklər öncə əlləri bağlı şəkildə atəşə atılan İbrahimi, alov salamat saxladı. Azərin oğlu yana bilməzdi. Onun daxilində qığılcım var idi. Od onu sevirdi. Əgər, daxilində qığılcım varsa birgə atəşlənəcəksən. Buza bənzəsən qarla, istiyə bənzəsən günəşlə dost olacaqsan. Bax, içində nə gəzdirisən?
Yol səni hara istəsən apara bilər. Sən hara getmək istədiyini bilirsənmi?
Zənci qadın gecənin qaranlığında görünmür. Bəyaz əndamlı xanım, günəşli səhərlərin birində dar küçə ilə harasa gedir. Eyvanda bir kişi siqaret yandırır. Qurşağa qədər soyunmuş, gecənin istisindən soyumuş. Atəş barmağını yandırır. O isə hiss etmir. Xanımın ətəklərinə toxunan sərin meh, donunu yellədir. Eyvandan baxan kişi, evdəki qadınını unudub. Bəyaz əndamlı bu xanım haradan gəlir?
Süpürgəçi eyvanıma baxır. Deyəsən mən hər səhər bu qadını gözləyirəm. Sabah olacaq, yenə bu xanım buradan keçəcək. Gecələr zənci qadın kimi gizlənib, gündüzlər görünəcək.
Bu günün sualı. Bu qadın haradan gəlir?
Bu məhlənin ağsaqqallarıı qadınlara inanmırlar. Düşünürlər ki, bu da yüngüləxlaqlı qadınlardan biridir. Zaman isə heç nə demir. Susur.
Hər səhər eyvanda görünən kişi isə, bu xanımı, nəzəri ilə küçənin sonuna qədər ötürür. Xanım isə heç kimi görmür.
Bəlkə kimsə qonşu küçədə avtomobilini saxlayıb? Hə, o avtomobil bu dəqiqə oradan uzaqlaşdı. Həmişə bu saatda buradan keçir. Çox güman ki, bu xanım qonşu küçədə bu avtomobildən düşüb öz evinə gedir. Fərziyyə.
Saatın əqrəbləri sənin üçün dövr edir. Eynilə yer kimi. Bəs onun enerjisi tükənsə necə olacaq? Hər gün eyni sualla bir gənc özünə müraciət edir. Onun başqa dərdi yoxdur. Yerin qatlarını araşdırır. Nüvə, mantiya. O, coğrafiya, geologiya ilə maraqlanır. Ağlagəlməz təcrübələr keçirir evində. Saat, batareya ilə işləyir. Bəs yer? Bəs sən? Enerji. Hardandır bu enerji? Niyə insanı yandırmır? Bəlkə yandırır?
Hindistanda bir insan öldü. Bir ulduz alışa-alışa yerə süzülür. Böyük tonqal qaladılar. Mərhumu ataşlə qovuşdurdular.
Od-alov-atəş-tonqal. Eyni məfhumun, müxtəlif adları. Bəlkə də 100 adı var. Kim bilir?
Sən hərəkətdə olduqca, dünya dönür. Dünya hərəkətdir. Hərəkətdə olmağın, yaşayırsan deməkdir. Saatın əqrəbi rəqəmlər üzərində yeriyir. Zamanın hansısa naməlum bir vaxtı, sən artıq dünyada olmayacaqsan. Harda olacaqsan? Olacağın yer, bu yer qədər maraqlıdır. Bəlkə naməlum olduğundan maraqlıdır. Bəlkə gözəl olduğunu bilsən, daha tez oraya getmək üçün tələsərsən. Amma, axirətə getmək üçün İsopiyadan mütləq keçəcəksən.
İsopiya. Orada günəş sənin ixtiyarındadır. Onun harada durması səndən asılıdır. Sən fikrən onun istiqamətini dəyişə bilirsən. Bəlkə doyunca yatmaq üçün günəşi uzun müddət qürubda saxlayacaqsan. Amma, deyilənə görə oralar o qədər gözəldir ki, sən heç yatmaq istəməzsən. Gözlərini boynundan asıb, sinən üstə gəzdirərsən. Hətta qulaqlarını belə əlinlə qopara bilərsən. Sən orada hissələrə bölünə və yenidən birləşə bilərsən.
Bir-ləş. Tam-laş. İki nəsnə qovuşur. Birləşir. Bir olur.
Budama, əlindəki zərb alətinə bərk-bərk vuraraq ruhları köməyə çalışır. Bu gün o öləcək. İsopiyaya yol alacaq.
Yol alacaq- yol onu aparacaq - o yola gedəcək- yol olacaq.
Burada bəziləri axar çay olar. Bəziləri şam kimi əriyər. Bəziləri torpaq olar.
Burada gözlərini bağlasan da görərsən. Vaxtilə arzuladıqların sənin qarşında dayanar. Sən ən çox arzuladığını seçərsən. Bəlkə nə vaxtsa, uca dağları görüb, kaş bu hündürlüyü aşardım demişdin. İndi ayaqların səni istədiyin yerə aparar. Əlçatmaz zirvələr, əlçatan olar. Körpəlikdə arzuladığın oyuncaqlar göydən tökülər. Günəşli günlərin birində sərinləmək üçün qar istəmişdir. Bax, lopa-lopa yağar. Ən çox anan üçün darıxmışdın. O səni İsopiyada gəlib tapar. Ağbirçəkli, nur üzlü anan, bir ağacın kölgəsində oturar. Həzin səsi ilə lay-lay oxuyar. Sən enli gövdəli ağaca yaxınlaşarsan. Ananın qucağında özünü görərsən. Demək ki, anan da səni görmək istəmişdi. Amma, belə körpə, ufaq, dinməz şəkildə.
Çünki, günlərin bir günü acılamışdın ananı. O da dönüb “Dilin qurusun” demişdi sənə. Sonra yüz dəfə tövbə etmişdi. Sonra bağışlamışdı. Əvvəlki kimi qayğını çəkmişdi. Amma, dediyin sözü heç unutmamışdı. İndi eyni qayğı ilə səni yenidən böyütmək istəyir. Bəlkə yaşının hansısa çağında səhvə yol verib. Bəlkə, sənə düzgün tərbiyə verməyib deyə düşünür. Keçmiş səhvləri düzəltmək üçün, səni yenidən doğdu, əzizlədi. Missiyasını rahat şəkildə həyata keçirdikdən sonra rahat gedəcək, o dünyaya.
İsopiya arzuların reallaşma məkanıdır. İsopiya səhvlərin bərpa edildiyi məkandır. Hamının yolu buradan keçəcək.
Orada insanlar enerjilərini birləşdirərək günəşi başlarının üzərinə qaldırarlar. Kölgələr məhv olar. İsopiyada sən, sənin ixtayarındasan. Bütün əzaların sənin əllərindədir. Təbiət belə sənə tabedir. Barmağınla səmanı qarışdırırsan. Buludları silirsən. Əlinlə ay çəkirsən. Ulduz çəkərsən. Söz yazarsan .
Hər şey gördüyün kimi deyil. Gördüyündəndə o tərəfi görməyi bacar.
Burada insanlar bir-birlərinin içindən keçərlər. Qapı döyməzlər, qapı açmazlar. Özlərinə çəkilib, başqaları üçün açılmağı bacararlar.
Bəlkədə bəyaz, havalı qadın İsopiyaya tələsirdi. O asta-asta, küləkdən dalğalanan saçları ilə dar küçədən keçir. Yüngül parfüm ətri, eyvanda dayanan kişini bihuş edir. O, quş olub eyvandan aşağı uçmaq istəyir. Qəflətən qağayıya dönür. Xanımın başının üzərində dövrə vurur. Bir nəfər isə, qağayılar dəniz kənarında olmalıdır, deyir. Kim deyir ki, qağayılar mütləq dəniz kənarında olmalıdır?
Xanım isə dar küçələrlə addımlayır, addımlayır. Qağayı yol boyu onu müşayət edir. Edir. Xanım arabir qolundakı saata baxır. Saat səkkizdir. Tam səkkiz.
Qağayı, insan olub xanımın qarşısında dayanır. Əllərini bədəni üzərində çarpazlayır. Xanım onun içindən keçib bloka daxil olur. Pillələr ilə yuxarı qalxır. Qalxdıqca pillələr bitmir. Əgər o bitməsini istəsəydi bitərdi. Uzun yol var qarşıda. Nəhayət binanın damına çatır. Ayaqları əsə-əsə hündürlükdən aşağıya boylanır.
Gedimmi? Getməyimmi? Düşünür. Nəhayət fikrini qətiləşdirir.
Ağ paltarlı qadın, bir bəyaz lələk kimi, bəyaz qar kimi yerə yaxınlaşır. Sükut...
Zənci qadın, oğlu Budamanı ölülər dünyasına yola salır. Oğlunun son dəfə çaldığı zərb alətini daha şiddətlə döyəcləyir. Qulaq batıran ritm altında var gücü ilə ağlayır. Hamı onun dəhşətli səsinə qulaq asır. Qaranlıqda heç kim onu görmür.
Budama hər gün eyni məhlədən keçən anasına yazığı gəlir. Onun ən böyük arzularından biri idi, anasını bəyaz görmək. Elə də görürdü. Hər gün pillələri qalxan və özünü atmaq istəyən anası, son anda fikrini dəyişib evə dönürdü. Bu dəfə isə dönmür. Budama, İsopiyadan həmin dar küçəyə boylanıb, zərif addımlarla irəliləyən anasını görür. Bir qağayını, onun başının üzərində dövrə vurduğunu görür. Anasını intihardan saxlaya bilmir.
Nə qədər çalışsa da, bu dünyaya müdaxilə edə bilmir. Sadəcə dua edir. Anasını, yerə sakit, ağrısız düşməsi üçün, bəyaz qara dönməsini arzulayır. Belə də olur.
Budama, uzun-uzadı, ağacın kölgəsində oturub, köksündə balasını oxşayan, ona lay-lay deyən bəyaz qadına baxır. Və ikinci dəfə dünyaya gələrkən, zənci doğulmadığı üçün şükr edir.
Göyün üzünə günəş çəkir. Sonra ən sevimli oyuncaqlarını körpəyə verir. Anasının əllərindən öpür. Anası onu tanımasa da, o tanıyır. Onunla bir yerdə olduğuna sevinir.
İsopiya. Həm uzaqdır, həm də yaxın. Bəlkə sən dəfələrlə onun içindən keçmisən. Amma, hiss etməmisən. Bəlkə həmin anda nələrisə dəyişə bilərdin. Amma, dəyişmədin. Hər şey əllərində ikən, əlindən qaçırdın. Hər şey su kimi barmaqlarının arasından yerə töküldü. Həyatın nəfəs qədər ani oldu. Bitdi.
Çox keçmir ki, qocalırsan. Çox keçmir ki, yatağa məhkum olursan. Çox keçmir ki, gəncliyində etdiyin səhvləri düşünürsən. Aldatdığın qızı. Sevdiyin oğlanı. Üzünə qəzəblə sillə vurduğun oğlunu. Bəsdir əl çək, dediyin ananı. Aldatdığın insanı. Aldandığın məqamları. Yolu keçərkən bilərəkdən tapdadığın qarışqanı. Sənə əl açan və ovucları boş qayıdan dilənçini. Uzun illər üzərində oturduğun, sonra unutduğun skamyanı. Yarımçıq kitabını. Sevirəm demədiyin qızı. Sevirəm demədiyin oğlanı. Çox şeyi dəyişə bilərdin. Dəyişmədin. Amma, bu məkanın varlığına inan. İsopiya, səhvlərini düzəltmək üçün sonuncu şansındır. Yararlan.
Təngnəfəs evə qayıdan kişi, evində unutduğu qadını tapmır. Bütün evi gəzir. Bütün qapıları açır, amma, tapmır. Onu görmüşdülər. Deyirlər laqeydlikdən çox bezdi. Səhərlər, otağından yoxa çıxmış sevdiyini axtardı. Sevdiyi kişini, bir xanımın ardınca gedən gördü. Evə pərişan dönərkən, bir avtomobildən düşən insan, ona çiçək verdi. Çiçək başqası üçün alınmışdı, amma, çiçəklərin sahibi görüşə gəlməmişdi. Demək ki, qismət onun idi. Çiçəkləri aldı, qonşu küçədən hər gün eyni saatda keçən avtomobilə mindi. Bu dəfə həmişəlik getdi.
Budama hər şeyi görürdü. Onu isə, yalnız qağayılar görürdü.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.