“Evimdən etdiyi oğurluğun videosunu işə əlavə etmirlər” - Rəsmi açıqlama

evimden-etdiyi-ogurlugun-videosunu-ise-elave-etmirler
Oxunma sayı: 10440

Evindən 21 min manatlıq oğurluq edildiyini bildirən müğənni Dəniz Əsədova hadisə ilə bağlı polisə etdiyi müraciətin düzgün istiqamətdə araşdırılmadığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş oğurluqda ittiham etdiyi keçmiş xidmətçisi M.Mirzəzadənin etirafedici yazışmalarının və videogörüntülərin polis tərəfindən sübut növü kimi dəyərləndirilmədiyini deyib.

D.Əsədova Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətlə bağlı araşdırmaların nəticəsi barədə prokurorluq orqanlarına şikayət etdiyini qeyd edib: “Xətai rayonunda yaşadığım evdən xadimə, Saatlı rayon sakini M.Mirzəzadə tərəfindən ötən ilin 16 aprel tarixində 21 min manatlıq oğurluq edilib. Evdən qızıma məxsus qızılları, etiketi üzərində olan geyim əşyalarını, ayaqqabılarımı satış məqsədilə oğurlayıb. Bundan sonra hadisə barədə polisə məlumat verdim və araşdırma əvvəlcə Xətai Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Əsgərovun, daha sonra Rəhman Cəfərovun icraatına verildi. Bir neçə dəfə bildirildi ki, dekabrın 15-dək dəymiş ziyan ödəniləcək. Həmçinin istintaqçılara M.Mirzəzadənin evdən oğurluq etməsini əks etdirən videogörüntüləri, onun mənimlə yazışmalarında etdiyi etirafedici yazışmaları təqdim etmişəm. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə sübutları araşdırma materiallarına əlavə etmirlər. Çünki sübutlar əlavə edilsə, həmin qadın barəsində cinayət işi başlanılmalı və o həbs edilməlidir”.

Müğənni əlavə edib ki, məsələ ilə bağlı istintaqa nəzarət edən qurum olan Baş Prokurorluğa müraciət edib: “Bakı Şəhər Prokurorluğunun idarə rəisi Pərvin Quliyevin adından göndərilmiş cavab məktubunda sübutların və ifadələrin yenidən yoxlanılaraq araşdırılması tələb edilsə də, Xətai polisi hələ də konkret addımlar ataraq bu məktubu icra etmir. Əksinə, M.Mirzəzadə məsuliyyətdən kənarda qalmasından ürəklənərək mənə hədə-qorxu gəlmək, şikayətimi geri götürməyimə nail olmaq məqsədilə özü məni məhkəməyə verib ki, guya ona cinayətkar deməklə, onun şərəf və ləyaqətini alçaltmışam. Eyni zamanda məni müxtəlif yalan iddialarla şantaj edir”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai Rayon Prokurorluğu 6 mart tarixində Dəniz Əsədovanın şikayəti ərizəsi əsasında cinayət işi başlanmasının rədd edilməsi barədə Xətai Rayon Polis İdarəsinin qərarını ləğv edib. İşin materialları yenidən araşdırılması üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.

Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. DİN rəsmisi bildirib ki, vətəndaş D.Əsədova ərizə ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edərək, ötən il aprelin 16-da evində xadimə işləyən M.Mirzəzadənin ona məxsus olan 1800 manat dəyərində müxtəlif çeşiddə geyim əşyalarını və 3370 ABŞ dolları dəyərində əl çantalarını ondan xəbərsiz oğurlayaraq aparması barədə məlumat verib: “Müraciətçinin ərizəsi əsasında toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilib. Tərəflərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırma zamanı M.Mirzəzadə D.Əsədovanın ona vermiş olduğunu bildirdiyi əşyaları polisə təqdim edib. Toplanmış material üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, malların orta bazar qiymətindən dəfələrlə artıq qeyd olunduğu müəyyən edilib”.

N.Əliyev əlavə edib ki, 28 dekabr 2022-ci il tarixdə Dəniz Əsədova Xətai Rayon Polis İdarəsinə yenidən ərizə ilə müraciət edib: “D.Əsədova M.Mirzəzadə tərəfindən hədələnərək ümumilikdə 43.950 manat pulunun ələ keçirilməsini bildirib. Faktlar üzrə istintaq hərəkətləri davam etdirilir”.

Qeyd edək ki, bir ay əvvəl Dəniz Əsədovanın şikayəti əsasında Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi məlum olub.

Bununla yanaşı müğənni Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

Nizam Rza