Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında

ferid-huseyn-xiv-istanbul-beynelxalq-edebiyyat-ve-seir-festivalinda
Oxunma sayı: 1667

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn 21-26 noyabr tarixlərində Türkiyədə keçirilən XIV Beynəlxalq İstanbul Ədəbiyyat və Şeir Festivalında iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyin və Beykoz Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən festivalın açılışı 21 noyabrda Rami Kitabxanasında baş tutub.

Açılış mərasimində festivalın direktoru Adnan Özər və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları Şöbəsinin müdiri və Türkiyə Cümhuriyyətinin UNESCO üzrə təmsilçisi Ziya Daşkənd çıxış edərək qonaqları salamlayıb. Natiqlər beynəlxalq poeziya tədbirinin tarixindən, əhəmiyyətindən və dünya ədəbiyyatındakı önəmindən bəhs ediblər.

F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib. F.Hüseyn festivalın üçüncü günündə - 23 noyabrda Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.

Qeyd edək ki, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində Fərid Hüseynin “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib. Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.