“FETÖ çevrilişi baş tutsaydı, müstəqilliyimiz təhlükə altına düşərdi”

feto-cevrilisi-bas-tutsaydi-musteqilliyimiz-tehluke-altina-duserdi
Oxunma sayı: 724

Bu gün Türkiyədə baş verən 15 iyul çevriliş cəhdinin ildönümü münasibətilə Heydər məscidində tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu gün Azərbaycan xalqı bir il bundan öncə - 15 iyul xain çevriliş cəhdi zamanı 250 şəhid vermiş qəhrəman türk millətinə bir daha başın sağ olsun deyir: " Azərbaycanın bütün məscidlərində türk dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsi yad olunur, ruhlarına Uca Allahdan rəhmət dilənir. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədən, öz xalqına, dövlətçiliyinə xəyanət edənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının birliyi, qətiyyətli iradəsi qarşısında puç oldu".

Şeyx əlavə edib ki, illərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir:

"Onilliklərlə öz fitnə təbliğatını hiyləgərcəsinə qura bilmiş, türk-İslam dünyasının daxilində fəsad törətmək niyyətində olan FETÖ şəbəkəsi Türkiyə xalqına və dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda, dinc insanları, qadın, uşaq, qocaları hədəfə aldıqda, türk milləti bu məkrli hadisənin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi. Türkiyə Cümhuriyyətinin böyük oğlu, möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə xalqı öz dövlətçiliyini müdafiə etməyi bacardı. 15 iyul gecəsi Türkiyə xalqı və bütün dünya şahidlik etdi ki, öz rəhbəri Ərdoğan cənablarının çağırışı ilə  səfərbər olan millət Azan sədaları altında qırıcı təyyarə və tanklara üstün gəldi. Həmin gecə müzəffər türk xalqının iradəsi qalib gəldi. Bu tarixi zəfərin qürur və şərəfini yaşamağa türk xalqının tam haqqı var. Azərbaycan xalqı olaraq Türkiyə xalqını bu böyük mənəvi qələbə, dövlətçilik müstəvisində qazanılmış uca zəfər münasibətilə bir daha ürəkdən təbrik edirik".

Şeyx qeyd edib ki, Azərbaycan xalqı terrorun nə olduğunu yaxşı bilir: "İstəyirlər ki, Türkiyə dövlətində qarşıdurma yaratsınlar. Bizdə də 20 yanvar hadisələri olub. Amma o zaman bizə rus qoşunları hücum etmişdi. Türkiyədə isə qardaşı qardaşa qırdırdılar. Əgər FETÖ çevrilişi baş tutsaydı, bizim də müstəqilliyimiz təhlükə altına düşərdi. Ona görə də dövlət başçımız ilk gündən etibarən Türkiyənin yanında oldu. İndi  bəzi alimlər üzlərində saqqalla gənc adamları tapırlar, belinə kəmər taxırlar,  göndərirlər terrora. Axı dinimiz belə buyurmur. Azərbaycan xalqı həmişə Türkiyənin yanında olub. Bizim Azərbaycan dövləti adından yardımlarımız oldu. Yeganə qardaş dövlətdir ki, həmişə yanımızda olub. Balaca Zəhranın amansız ölümündə də Türkiyə bizim yanımızda olub".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, bu gün 1 il bundan öncə xain terrorda şəhid olmuş insanların ruhunu yad etməyə yığışmışıq:"  Onlar vətən uğrunda canlarından keçdilər. Bizim şəhidlərimiz sizin şəhidlərinizdir. Eynilə sizin şəhidləriniz də bizim şəhidlərimizdir. 15 iyul çevriliş cəhdində Türkiyə prezidentinə ilk zəng edən dünya liderlərindən biri məhz İlham Əliyev olub. Balaca Zəhranın faciəli ölümündə də Türkiyə dövlətinin başçısı Azərbaycan prezidentinə zəng vuraraq başsağlığı vermişdir. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik".

Günel Türksoy