FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirdi - Fotolar

fhn-baki-televiziya-qullesinin-erazisinde-yangin-taktiki-telim-kecirdi
Oxunma sayı: 897

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Dövlət Yanğın Nəzarəti Xidmətinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin 10 ədəd texnikası və 60 nəfərdən çox şəxsi heyəti cəlb olunub.