FHN “Deluxe Park Qusar Resort & Spa” hotelində təlim keçirib - Video

fhn-deluxe-park-qusar-resort-spa-hotelinde-telim-kecirib
Oxunma sayı: 145

Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Qusar rayonunda yerləşən “Deluxe Park Qusar Resort & Spa” hotelində təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən təlimə FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra hotelin işçiləri tərəfindən “yanğına” ilkin müdaxilə edilib, FHN-in yanğından mühafizə və xilasetmə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim edilib.