FHN-in qurumlarına ekskursiya təşkil olunub - Fotolar

fhn-in-qurumlarina-ekskursiya-teskil-olunub
Oxunma sayı: 1077

Abşeron rayonu, Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsinə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzinə ekskursiya təşkil edilib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin qurumun fəaliyyəti barədə yerində məlumatlandırılması, onlarda gələcəkdə fövqəladə hallar orqanlarında xidmətə marağın yaradılması və peşə seçiminə köməklik olub.

Şagirdlərə yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə və xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, məktəblilər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Daha sonra şagirdlər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə zəng mərkəzində fövqəladə hallarla bağlı zənglərin qəbulu, aidiyyəti qurumların hadisə yerlərinə cəlb edilməsi, qüvvə və vasitələrin idarə olunması ilə bağlı məlumatlar verilib.

Şagirdlərin böyük maraqla qarşıladığı ekskursiya zamanı onların sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.