“Fransa Senatının qətnaməsinə cavab Şuşada dalğalanan bayrağımızdır”

fransa-senatinin-qetnamesine-cavab-susada-dalgalanan-bayragimizdir
Oxunma sayı: 1800

“Fransa Senatında qəbul edilən qərara ən tutarlı cavab Azərbaycanın üçrəngli bayrağının mədəniyyət beşiyimiz olan Şuşada dalğalanmasıdır. Ən təsirli cavabımız Senatın müdafiə etdiyi ermənilər tərəfindən viran qoyulmuş Ağdam məscidinə Prezident İlham Əliyevin hədiyyə etdiyi Qurandır. İşğaldan azad olunmuş şəhər və kəndlərimizdə duran zabit və əsgərlər döyüş meydanında Ermənistan silahlı qüvvələrini əzərək işğalçının cavabını verib. Fransa Senatı istəyirsə, bunu qətnaməsinə cavabımız kimi qəbul edə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Fransa Senatının “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının labüdlüyü adlı qətnaməsini şərh edərkən deyib.

Deputatın fikrincə, bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyən kağız parçası olmaqla yanaşı, həm də təəssüf doğurur. “Tək ona görə yox ki, mahiyyətcə bizə qarşı ədalətsiz qərardır. Həm də o baxımdan ki, Fransa kimi dövlət belə cılız addım atır. Əlbəttə, bu rəsmi Fransanın mövqeyi kimi qəbul edilməyə bilər, çünki kimisə tanımaq və tanımamaq hökumətin səlahiyyəti çərçivəsindədir. Ancaq hamımız bilirik ki, bu, daxili “demokratiya oyunu” və bizə qarşı təzyiq cəhdidir” – deyən E.Allahverdiyev hesab edir ki, Makron hökuməti bununla ikibaşlı oyun oynayır. Bir tərəfdən göstərmək istəyir ki, bu, mən deyiləm, parlamentdir, digər tərəfdən isə bu, bir işarədir ki, baxın, Fransa cəmiyyətində mövcud vəziyyətlə bağlı hökm sürən yanaşma budur.

Deputatın sözlərinə görə, Fransanın sərgilədiyi ədalətsiz siyasətin başlıca məqsədi Ermənistan uğrunda Rusiya ilə diplomatik savaşdır. Qərb Fransanın timsalında Ermənistanı ciddi-cəhdlə Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Qərbyönümlü Nikol Paşinyanın məğlub tərəf kimi gözdən düşməsini həzm edə bilmirlər, çünki erməni ictimaiyyətinin bir qismi bu qənaətdədir ki, rəsmi Yerevan Rusiyaya arxa çevirdi deyə, Moskva müharibədə onlara kömək etmədi. “Eyni zamanda, cəmiyyətin anti-Rusiya qismi də bu qənaətdədir ki, Qərblə inteqrasiyanı gücləndirmək lazımdır və bu istiqamətdə öncül kurs Fransa olmalıdır. Məsələn, ayrı-ayrı politoloq və siyasətçilərdən tələblər də irəli sürülür ki, hətta Gümrüdəki Rusiya hərbçiləri çıxarılsın və burada Fransanın hərbi bazası yaradılsın. Başqa sözlə, Paris Moskva ilə Ankaranın regionun əsas oyunçuları olmalarından narahatdır” – deyə E.Allahverdiyev vurğulayıb.

Millət vəkilinin qənaətinə görə, Fransanın ədalət və neytrallıq prinsiplərini aşkarcasına və utanmadan pozduğu göz önündədir, bu dövlətin ATƏT-in Minsk qrupunun həmsədri, BMT TŞ-nin üzvü, məlum 4 qətnaməyə səs vermiş dövlət olduğunu xatırlatmağın artıq xüsusi bir mənası yoxdur: “Hər şey məlumdur, Fransa bu 30 ildə Ermənistanı guya gizli müdafiə edirdi, indi bunu aşkar edir. Belə görünür ki, öz reputasiyasını ayaqlar altına salmaq bu dövlət üçün problem deyil. Ancaq bunu həmsədrlikdən imtinadan sonra etsəydi, daha məntiqli görünərdi. Normal haldır ki, hər dövlətin öz xarici siyasəti, maraqları, prioritetləri var. Hər dövlətin öz dostu və düşməni var. Fransa isə bir tərəfdən deyir ki, neytral dövlətdir və Dağlıq Qarabağ probleminin ədalətli həllinə çalışır, digər tərəfdən də bizi separatçı rejimi tanımaqla hədələyir. Amma bilməlidir ki, Azərbaycana təzyiqlə nəyəsə nail ola bilməyəcək. Bizim də maraqlarımız, dostlarımız, müttəfiqlərimiz, təzyiq imkanlarımız var. Hər təhdidə adekvat cavab vermək iqtidarındayıq”