Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, universitet rektrorları, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin, sənaye, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları hesabat yığıncağına həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə şəhərdə fəaliyyət göstərən iri sənaye müəssisələrində istehsal olunan məhsul nümunələri nümayiş etdirilib.
Hesabat yığıncağında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Niyazi Bayramov çıxış edərək bildirib ki, 2025-ci il qarşıda duran sosial və iqtisadi vəzifələrin icrası, nəzərdə tutulmuş proqramların reallaşdırılması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artırılması baxımından Azərbaycan üçün uğurlu il olub. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti, sistemli islahatlar və qətiyyətli addımlar nəticəsində ölkənin dayanıqlı inkişafına nail olunub. Bildirilib ki, ötən ilin avqust və sentyabr aylarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə səfərləri şəhər ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb.
Qeyd olunub ki, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı elan olunub. Hesabat dövründə Gəncə və daha altı şəhər – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edib. Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. On gün davam edən yarışlarda MDB ölkələri ilə yanaşı, Türkiyə, Pakistan və digər ölkələrdən ümumilikdə 2400 nəfərlik idman nümayəndə heyəti iştirak edib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkənin bütün regionlarında, o cümlədən Gəncə şəhərində də inkişaf dinamikası 2025-ci ildə davam edib. İl ərzində şəhərin iqtisadi göstəriciləri artıb, qeyri-neft sektoru inkişaf etdirilib, yeni istehsal sahələri yaradılıb və yeni iş yerləri açılıb.
Hesabat yığıncağında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, “Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov, Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Gəncə Şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev, “Azəralüminium” MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Amin Əliyev, “Rövşən Oğuz” Qrup MMC-nin baş direktoru Hafiz Mustafayev və şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Yekunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə bütün sahələrdə mühüm nailiyyətlər əldə olunduğunu, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət səsləndirilib, 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sonda il ərzində şəhərin ictimai, sosial-iqtisadi və abadlıq-quruculuq sahələrində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə”lərlə təltif olunub.







