General “Alibaba Cloud” şirkətinin baş ofisində olub - Fotolar

general-alibaba-cloud-sirketinin-bas-ofisinde-olub
Oxunma sayı: 2721

Martın 29-da Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bulud həlləri üzrə dünya liderlərindən olan “Alibaba Cloud” şirkətinin Çinin Hanqjou şəhərində yerləşən baş ofisində olublar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti ilə “Alibaba Cloud” şirkətinin prezidenti Selina Yuan və şirkətin əməkdaşları arasında görüş keçirilib. 

Görüşdə şirkətin mütəxəssisləri “Alibaba Cloud”un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri, bulud həllərində informasiya təhlükəsizliyi, məlumatların saxlanması, verilənlər bazası, süni intellekt həlləri, eləcə də maye soyutmalı məlumat mərkəzlərinin qurulması təcrübələri haqqında ətraflı məlumat verərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Gartner” analitik şirkətinin məlumatına görə, “Alibaba Cloud” Çində və Asiya-Sakit okean regionunda ən böyük bulud hesablama şirkətidir. Belə ki, şirkət dünya üzrə 24-dən çox regionda və 74 əlçatanlıq zonasında məlumat mərkəzlərini idarə etməklə geniş müştəri spektrinə, o cümlədən dövlət qurumları, bütün ölçülərdə onlayn bizneslər və iri müəssisələrə bulud hesablama xidmətləri göstərir.