“Gördüm ki, çox yanılmışam”

gordum-ki-cox-yanilmisam-
Oxunma sayı: 684

Vokalçının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ramil Qasımov deyib ki, Həsən Bəy Zərdabinin yurdu olan Zərdabda konserti gözlədiyindən də yüksək səviyyədə baş tutub: “Bu insanlardakı mədəniyyət, klassik musiqiyə olan maraq məni valeh etdi. Doğrusu tərəddüd edirdim ki, bu insanlar qarşısında iki saatlıq klassik musiqi necə təsir bağışlayacaq. Nəzərə alsaq ki, bu gün daha çox estrada musiqiləri əhali arasında yayılıb, fikirləşirdim, görəsən 3-4 mahnıdan sonra yorulmazlar. Gördüm ki, çox yanılmışam. Həqiqətən də hər şey mükəmməl idi. Meydanda qurulmuş böyük səhnədə 54 min əhalisi olan zərdablıların alqışlarını eşitmək, üzlərindəki sevinci görəndə xoşbəxt oldum. Həqiqətən də onlar Azərbaycan klassik musiqisini dəyərləndirməyi bacarırlar. İfam zamanı gül çələngləri yağış kimi başımdan yağırdı. Fikrimcə bundan böyük sevinc ola bilməz”.

R. Qasımovun sözlərinə görə, bu konsertin keçirilməsində digər məqsədlərdən biri Azərbaycan milli klassik əsərlərini sağlam kütləyə çatdırmaq olub. Konsertdə Ramil Qasımovla birgə “Azəri-star 2008” müsabiqəsinin qalibi və vokalçının tələbəsi İlkin Əhmədov, Xan Şuşinskinin tələbəsi Oqtay Hacıyev və xüsusi rəqs qrupu çıxış edib. İki saatlıq konsert Ramil Qasımovun ifasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Məşəl kimi yanan ürək” mahnısı ilə yekunlaşıb. Zərdabın icra başçısı Lütfəli Babayev vokalçını fəxri fərmanla təltif edib.
Konsert çərçivəsində R. Qasımov Zərdab haqqında ifa etdiyi mahnıya çəkilən klipi də zərdablılara təqdim edib.

Nigar