“Qafqazinfo” plastik, rekonstruktiv və estetik cərrahiyyə uzmanı, doktor Mahir Əliyevlə müsahibəni təqdim edir:
Arayış
Uzm. Dr. Mahir Əliyev 2001-2006-cı illərdə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə uzmanlıq təhsili alıb. O həm estetik, həm də ağır rekonstruktiv əməliyyatları uğurla icra edən yüksək dərəcəli mütəxəssisdir. M.Əliyev həmçinin ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır. Aprel döyüşlərində və Vətən müharibəsində çox sayda yaralının qolunu, ayağını amputasıyadan qoruyub, ağır üz yaralanmalarını müvəffəqiyyətlə bərpa edib.
"Əməliyyat xətaları ilə müraciət edən xəstələr olur"
- Bu gün plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə ali təhsil almadan, bir-iki aylıq kurs keçməklə plastik cərraha "çevrilən" qeyri-ixtisas həkimləri var. Məsələn, dünənə qədər nevroloq işləyən həkim bu gün plastik cərrah kimi fəaliyyət göstərə bilir. Bir peşəkar olaraq, bu tendensiyaya münasibətiniz necədir?
- Acınacaqlı bir haldır ki, hətta 15 gün kurs keçənlərə Səhiyyə Nazirliyi tərəfindən sertifikat verilir. Halbuki bu sahənin akademik təhsilini almadan estetik cərrahiyyə ilə məşğul olmaq doğru deyil. Nəzəri biliklərin yetərsizliyi ciddi əməliyyat xətaları ilə nəticələnir. Təbii ki, hər bir plastik cərrahın iş təcrübəsində uğursuz əməliyyat nəticəsi ola bilər. Lakin önəmli odur ki, yarana biləcək fəsadlaşmalar elə cərrahın özü tərəfindən bərpa edilsin. Mənə süd vəzinin nekrozu, burun defektləri ilə müraciət edən xəstələr olur. Hamısı qeyri-peşəkar plastik cərrahların əl işləridir. Bəzən o qədər ciddi əməliyyat xətaları ilə gəlirlər ki, qüsuru rekonstruktiv cərrahiyyə ilə bərpa etməli oluram.
- Peşəkar plastik cərrah kimdir?
- Plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə ali təhsil almış və yetərincə iş təcrübəsi olan həkim peşəkar cərrah sayıla bilər.
"Uğurlu plastik cərrahiyyənin əsas şərti təbii gözəlliyi qorumaqdır"
- Uğurlu plastik cərrahiyyənin şərtləri hansılardır?
- Təbii və sağlam gözəllik! Peşəkar cərrahiyyə bir yaradıcılıq sənəti, incəsənət cərrahiyyəsidir. Əlbəttə, gözəllik nisbi anlayışdır. Mənə görə gözəl olan sizin üçün gözəl görünməyə bilər. Amma estetik cərrahiyyənin qəbul edilmiş parametrləri var. Məsələn, qaşın içəri bucağı ilə alın saç xəttinə qədər olan məsafə 6-6.5 sm, qaşın uc nöqtəsi ilə alın-gicgah saç xətti arasındakı məsafə 2.8-3 sm olmalıdır. Bu ölçünü daha da qısaltdığınız zaman təbii gözəllikdən əsər-əlamət qalmaz, əksinə, itici bir görüntü yaranar. Bu ölçüləri plastik cərrah bilməli və pasiyentlərinə izah etməlidir. Peşəkar plastik cərrah Allahın xəlq etdiyinə yaxın bir gözəllik yaratmalıdır. Təbii ki, tanrının yaratdığını kimsə təkrarlaya bilməz. Təbii gözəlliyi qorumaq uğurlu plastik cərrahiyyənin şərtidir.
- Sağlam gözəllik dediyiniz zaman orqanların funksionallığını nəzərdə tutursunuz?
- Əlbəttə! Vizual olaraq gözəl burun yaratmaq yetərli deyil. Məsələn, pasiyent rinoplastika əməliyyatından sonra nəfəsalma problemi yaşamamalıdır. İndi “baby nose” deyilən burun şəkli dəbdədir. Mən həmin əməliyyatı icra etmirəm. Çünki burun ölçülərinin, eləcə də dəliklərinin normadan çox kiçildilməsi nəfəsalmada ciddi problem yaradır, insanın sağlamlığı zərər görür.
- Mamoplastika da dəbdədir. Bu əməliyyatla bağlı önəmli məqamlar hansılardır?
- Estetik məmələr döş qəfəsinin ön divarında bir-birinə simmetrik yerləşməlidir. İstər üz, istərsə də bədən şəkilləndirilməsində qəbul olunmuş normalar var. Məsələn, ideal məmə həcmi 350-500 ml-dir.
- Bu rəqəm boya görə dəyişirmi?
- Bəli. Təxminən 170 sm boyu, 60 kilo çəkisi olan qadın üçün məmə həcmi 500 ml-i aşmamalıdır. Əks təqdirdə, hipertrofik məmə dediyimiz ölçüyə yaxınlaşacaq. Bu da normal məmə həcmi sayılmır. İndi qeyri-peşəkar plastik cərrahların əl işlərində çox xətalara rast gəlirik. Məsələn, normadan böyük implant yerləşdirməklə məməyə top şəkli verirlər. Halbuki gözəllik standartlarına görə, konus şəkilli məmə gözəl sayılır. Belə ki, təbii süd vəzində məmənin üst hissəsində çuxurluq və ya çıxıntı olmur, bu sahə düz olmalıdır. Dekolte isə iç geyimi ilə əmələ gələn dolğunluğu ifadə edir. Təbii bir məmədə çılpaq vəziyyətdə dekolte görüntüsü olmaz! Eləcə də məmə giləsinin yeri də gözəllik parametlərindən biridir. Süd vəzlərinin gilələri orta xətdən eyni uzaqlıqda və qəhvəyi rəngli areola təxminən 38-42 mm diametrdə olmalıdır. Yandan baxıldığı zaman qoltuqaltı qatlantıdan süd vəzinin başına qədər olan məsafə məmənin vertikal ölçüsünün 45 faizini, məmə başından məməaltı qatlantıya qədər olan məsafə isə 55 faizini təşkil etməlidir. Bu, estetik parametrlərdir.
- Daha çox hansı mamoplastika xətaları ilə qarşılaşırsınız? Sizə əməliyyat xətaları ilə bağlı müraciət edənlər olurmu?
- Təəssüf ki, bəli. Məmənin, məmə giləsinin nekrozu, ciddi assimmetriya ilə müraciət edən vətəndaşlarımız olur. Təkrar əməliyyatla qüsuru aradan qaldırır, bəzən rekonstruktiv əməliyyat da etməli oluram.
- Saxta plastik cərrahların sayı günü-gündən artır. Bəzən elə əməliyyat xətaları baş verir ki, sonra peşəkar cərrah da qüsuru tam aradan qaldıra bilmir.
- Doğrudur. Məsələn, yaxın günlərdə məməkiçiltmə əməliyyatı keçirmiş və giləsi çox yuxarıda tikilmiş bir pasiyent müraciət etdi. Süd vəzidən yetərincə toxuma çıxarılmamışdı. Nəticədə məmə giləsi iç geyimi tərəfindən belə örtülmürdü. Düzdür, məməkiçiltmə və dikləşdirmə əməliyyatlarında da yara izləri qalır. Amma bu izlər diqqət çəkməyən yerdə olur.
- Sizin etdiyiniz əməliyyatlarda, adətən, yara izi qalmır, zamanla tikişin yeri görünmür. Bu nə ilə bağlıdır?
- Təhsil və təcrübə ilə. Cərrahın seçdiyi üsul, toxumalarla incə davranış da önəmlidir.
- İndiyədək kiçiltdiyiniz ən böyük məmənin həcmi nə qədər olub?
- 7 kilo 200 qram. Böyük məmələr tək estetik baxımdan problem yaratmır. Həm də psixoloji olaraq qadına sıxıntı verir. Xüsusən də paltar seçimində çox əziyyət çəkirlər. Digər tərəfdən, düşünün ki, bir qadın sinəsində 7 kilo yük daşıyır. Zamanla ağırlıqdan onurğa sütununun boyun və döş şöbələri əyilir. Odur ki, böyük ölçülü məmələrin əməliyyatı həm estetik, həm də fizioloji baxımdan göstərişdir.
"Mamoplastikada xərçəng riski implant seçimindən də asılıdır"
- Bəs süd vəzi implantı xərçəng riski yaradırmı?
- Yaratmaq ehtimalı çox azdır. Bu, daha çox implant seçimindən asılıdır.
- Hansı implant daha təhlükəsizdir?
- Yüzlərlə implant çeşidi var. Örtüyü və tərkibindəki gel önəmlidir. Doğru implant və texniki üsulla icra olunduğu zaman xərçəng riski sıfra yaxın olacaq qədər azdır.
- Süd vəzi implantı qoyulmuş qadın ana olduqda süd verə bilərmi?
- Mənə subay qızlar da müraciət edir. Süd vəzləri inkişaf etməmiş, anadangəlmə anomaliyaları olan qadınlar da var. Gələcəkdə ana olduqları zaman problem yaşamamaları üçün implant doğru yerə qoyulmalıdır. İmplantın süd vəzinə üç giriş nöqtəsi var: qoltuqaltı, gilənin ətrafı və süd vəzinin altı. Qoltuqaltı və süd vəzinin altından qoyulan implantar süd verməyə mane olmur. Lakin gilənin ətrafında aparılan kəsikdən yerləşdirilən implant süd axarlarının təqribən 30 faizini zədələdiyi üçün gələcəkdə qadın ana olanda müəyyən dərəcədə problem yaşaya bilər.
- Plastik əməliyyat olunmaq istəyən oxucularımıza nəyi tövsiyə edərdiniz?
- İndi sosial media dövrüdür. Hər kəs rahatlıqla bir hesab açıb özünü reklam edə bilir. Bəzən vətəndaşlar reklama aldanıb qeyri-peşəkar cərrahların da əlinə düşür. Yaxşı olar ki, həkim seçiminə diqqət edib yaxşı araşdırsınlar. Plastik cərrahiyyə üzrə ali təhsil alıb-almadığını öyrənsinlər. Bəzən elə ağır əməliyyat xətaları ilə gəlirlər ki, bərpa etməyə çalışsaq da, qüsuru tam aradan qaldırmaq olmur. Odur ki, gözəlliyinizi və sağlamlığınızı peşəkar cərrahlara həvalə edin. Çünki sağlam gözəllik hər kəsin haqqıdır.
Qeyd: Dr. Mahir Əliyev bütün növ plastik, rekonstruktiv və estetik əməliyyatları peşəkarlıqla icra edir. Maraqlananlar cərrahla 055-801-44-14 mobil nömrəsi vasitəsilə və “plastik_cerrahiyye” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.
Könül Cəfərli









