Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar+Yenilənib

azerbaycan-lideri-xanimi-ile-ziyaretgahda
Oxunma sayı: 3588

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir.

Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.

Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.

***

Ziyarətgahla tanışlıq zamanı dövlət başçısına və birinci xanıma Şamaxı rayonundakı Kələxana türbələr kompleksində başa çatmış bərpa işləri barədə də məlumat verilib.

Bildirilib ki, Şamaxının Kələxana kəndində yerləşən və XVII əsrə aid bu kompleksə daxil olan doqquz türbədən səkkizi dövrümüzə gəlib çatıb, onlardan da biri ciddi dağıntılarıa məruz qalıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu tarixi abidədə bərpa və konservasiya işləri aparılıb. Xarici mütəxəssislərin də cəlb olunduğu bərpa işləri Kələxana kompleksindəki 7 türbəni əhatə edib.