Günümüz Türkiyəsinin ən qalmaqallı mövzularından biri olan “Xidmət” hərəkətinin dini-ideolojik təməli öz təmsilçilərinin ifadəsinə görə XX əsrin əvvəllərindən etibarən Osmanlı Türkiyəsində aktiv islami təbliğatla məşğul olan Səid-i Kürdinin (Bədiüzzaman Səid-i Nursi) yazdığı çoxcildli “Risaleyi-Nur“a (“Nur risaləsi”) əsaslanır. Səid-i Kürdi həyatının ilk dövrlərində bu addan istifadə etmiş, özünü “Kürdüstanın böyük alimi” kimi təqdim etmişdir. Səid-i Kürdinin Kürdüstanın mədəni muxtariyyəti mövzusunda fəaliyyəti və kürd dilində də fəaliyyət göstərən bir universitetin açılması üçün Sultan II Əbdülhəmidə məktubla müraciət etməsi, məntiqsiz hərəkətləri onun II Əbdülhəmid tərəfindən – həbs edilib 1908-ci ildə İstanbul Psixi Xəstəxanasına salınması və bir aya yaxın burada qalması ilə nəticələnmişdi. Səid-i Kürdi I dünya müharibəsi illərində Osmanlı tərəfində rus və erməni işğalına qarşı mübarizə aparmış, öz ifadələrində inkar etsə də Kürdüstanın azadlığı və şəriət dövləti uğrunda mübarizə aparan Şeyx Səidin 1925-ci ildəki üsyanı ilə əlaqəsi olması səbəbilə Türkiyə Respublikası Prezidenti Atatürkün əmri ilə sürgün edilmişdi. Şeyx Səid üsyanının məğlubiyyətindən sonra Səid-i Kürdi adından imtina edərək anadan olduğu Bitlisin Nurs kəndindən hərəkətlə Səid-i Nursi adını mənimsəmişdir. Yazdığı “Risaleyi-Nur” əsərlərində IV xəlifə Əlinin “Cəlcəlutiyyə” qəsidəsində “Bədi`” (bənzərsiz) adı ilə guya ona işarə etdiyini də qeyd edən Səid-i Nursi “Bədiüzzaman” ləqəbindən də istifadə etmişdir.
Bədiüzzaman Səid-i Nursi Türkiyə Respublikasının dünyəvilik prinsipinə əsaslanan rejiminə qarşı da ideolojik mübarizə aparmış, “şəriətin bir tək məsələsinə də ruhum fəda olsun ” deyərək hətta TBMM-də gənc Türkiyə dövlətinin banisi Atatürkü “Namaz qılmayan xaindir, xainin hökmü mərduddur (rəddedilmişdir)” deyə təhdid etmişdir. Şəriətçi dünyagörüşünün təbliğinə görə uzun illər həbs və sürgün həyatı yaşayan Bədiüzzamanın özünün ifadəsilə “Quran təfsiri” adlandırdığı “Risaleyi-Nur”a qarşı digər müsəlman din adamlarının baxışı da birmənalı olmamışdır. Bədiüzzamanın özü və “Risaleyi-Nur” haqqında dediyi “Mənim kimi yarı savadsız adam “Risaleyi-Nur”a sahib deyildir, ... bəlkə bilavasitə Qur`ani-Hakimin bu zamanda bir növ möcüzeyi-mənəviyyəsi olaraq rəhməti-ilahiyyə tərəfindən yazdırılmışdır; O, “Səmayi-Qur`anidən və ayatın (ayələrin) nücumundan, ulduzlarından enir”; “Risaleyi-Nur” bu əsrin insanları olan bizlər üçün yazdırılmışdır. Ey “Risaleyi-Nur”, sənin Haqqın dili, Haqqın ilhamı olub O`nun izni ilə yazıldığına şübhə yox” kimi sözləri, bu əsər və özü haqqında IV xəlifə Əlinin Qurandan aldığı ilhamlarla yazdığı “Ərcuzə” və “Cəlcəlutiyyə” qəsidəsində və Əbdülqədir Geylani kimi övliyaların ifadələrində məlumat verildiyini əbcəd hesablamaları ilə iddia etməsi şiddətli tənqidlərə məruz qalmışdır. Bədiüzzamanın özü seyidlik və mehdilik iddiası etməsə də, onun bəzi tələbələrinin Bədiüzzamanı Mehdi əs. şəklində təqdim etməsi də Türkiyənin bir çox müsəlman din adamı tərəfindən qəbul görməmişdir.
Bədiüzzamanın vəfatından sonra onunla şəxsən görüşmədiyi halda özünü “Risaleyi-Nur” tələbəsi kimi təqdim edən Fəthullah Gülən də adi bir din xadimliyindən “Xidmət” hərəkətinin quruculuğuna və rəhbərliyi səviyyəsinə qədər yüksəlmişdir. Bədiüzzamanın Mustafa Sunqur, Abdullah Yeğin, Hüsnü Bayramoğlu, Əhməd Aytimur, Salih Özcan, M.Səid Özdəmir, Mehmet Fırıncı ve Əbdülqədir Badıllı kimi tələbələri F.Gülənin Bədiüzzamanın nüfuzundan və əsərlərindən “Xidmət” hərəkətinin məqsədləri üçün istifadə etməsini, hətta “Risaleyi-Nur” külliyyatını sadələşdirmək adı altında təhrifə cəhd etməsini şiddətlə qınamış, “Xidmət” hərəkətinin siyasi intriqalara və dövlət idarəçiliyi məsələlərinə qarışmasını xoş qarşılamamışdırlar. F.Gülənin Hüseyn Gülərcə, Münip Ərdəm, Əhməd Kələş kimi tələbələri də F.Gülənin din xadimliyi ilə uyğun olmayan bir şəkildə siyasət və dövlət idarəçiliyi məsələlərinə qarışmasını, onun islamın ruhuna zidd olaraq özünü övliyaullah, Mehdi və ya İsa Məsih səviyyəsinə qaldırmasını və “Xidmət” hərəkəti mənsublarının da F.Güləni bu şəkildə qəbul etməsini şiddətlə qınamış, “Xidmət” hərəkətindən ayrılmışlardır.
Lakin qeyd edək ki, “Risaleyi-Nur”un siyasətə qarışmadığı iddia edilsə də, bu əsərlər ümumiyyətlə sünni məzhəbi ideologiyası çərçivəsindən yazılıb digər islami məzhəb mənsubları, xüsusilə şiə məzhəbi mənsubları “əhli-bidət, fasiq” adları ilə zikr edilir. Bədiüzzamanın islam tarixində əhli-beyt faciəsinin və Qurana zidd səltənət sisteminin əsasını qoyan Əməvi nümayəndəsi Müaviyəni “həzrət” adlandırması, onun IV xəlifə Əliyə qarşı üsyanını və Əlinin qalib gəlməməsini - “O mübarək şəxs (IV xəlifə Əli) siyasət və səltənətdən daha mühüm (mənəvi) vəzifələrə layiq idi” deyərək qeyd edirdi. Müaviyənin Əlinin və daha sonra oğlu Həsənin qanuni hakimiyyətinə qarşı üsyanını və Kərbəla hadisəsində Hüseyn və əhli-beyt üzvlərinin qətl edilməsini - “Dünya səltənəti ilə mənəvi səltənətin cəmi olduqca müşküldür. Onun üçün (Allah) onları dünyadan küsdürdü, dünyanın çirkin üzünü onlara göstərdi ki, dünyaya qarşı mənəvi əlaqələri qalmasın” şəklində ifadə edərək bu faciəni Allahın təqdiri kimi göstərir, bu qətliamda günahkar olan Əməvi xəlifəsi I Yezidə lənət etməyin doğru olmadığını Seyid Şərif Cürcani kimi klassik kəlam alimlərinə isnadla bildirirdi. Bədiüzzamanın bu ifadələrinin islamın əsası olan ədalət, dini tolerantlıq, məzhəblərarası dialoq prinsiplərinə zidd olduğunu görürük.
1997-ci il 28 fevral tarixində Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının iclasında dini irticaya qarşı mübarizə qərarının alınmasından sonra Türkiyə Respublikası təhlükəsizlik və prokurorluq orqanlarının F.Gülən haqqında istintaq başlatması onun 22 mart 1999 tarixində ABŞ-a köçməsinə səbəb oldu. Çox maraqlıdır ki, F.Gülənin ABŞ-da yerləşməsində dövrün Türkiyə Respublikası Baş Naziri B.Ecevit, MKİ-nin Türkiyə təmsilçisi Qraham Fuller, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Morton Abramoviç kimi şəxslər də rol oynamışdır.
F.Gülənin “Risaleyi-Nur”dan öz məqsədləri üçün istifadə etməsi ilə yanaşı, onun milli məsələlərdə Türkiyə Respublikasının mövqeyini yox, xarici dövlətlərin marağını müdafiə etməsi də bir çoxları tərəfindən şiddətlə qınanmışdır. 31 may 2010 tarixində Qəzzaya humanitar yardım götürən “İnsani Yardım Vəqfi”nin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumu, 9 dinc sakini öldürməsi və 30 nəfəri yaralaması məsələsində F.Gülənin ABŞ-ın “Wall Street Journal” adlı qəzetinə verdiyi müsahibədə İsrail hökumətindən icazə almadan gəminin bölgəyə hərəkətini qınaması da Türkiyədə geniş ictimaiyyət tərəfindən xoş qarşılanmamışdı.
Türkiyədə 17-25 dekabr 2013 tarixində başlayan hadisələr isə F.Gülənin və “Xidmət” hərəkətinin anti-milli siyasətini tamamilə ortaya qoydu. Ərdoğan hökumətinə qarşı başlayan rüşvət və vəzifədən sui-istifadə ittihamlarından və dörd nazirin istefasından sonra 14 dekabr 2014 tarixindən etibarən F.Gülən və “Xidmət” hərəkətinə qarşı Türkiyə Respublikasının dünyəvi dövlətçilik sisteminə qarşı terror təşkilatı qurma və idarə etmə iddiası ilə ittihamlar irəli sürülmüş, haqlarında istintaq başlanmış, bu istiqamətdə “Xidmət” hərəkətinin bəzi rəhbər xadimləri həbs edilmiş, məhkəmə orqanları tərəfindən F.Gülənin də tutulması tələb edilmişdir. Lakin ABŞ ədliyyə orqanlarının F.Güləni Türkiyəyə iadə edəcəyi şübhə altındadır.
Qeyd edək ki, təhsil, biznes və media sahəsində bir çox şirkətlərə sahib olan “Xidmət” hərəkətinin Türkiyə başda olmaqla, keçmiş MDB məkanında, dünyanın 160-a qədər ölkəsində müxtəlif quruluşları, təhsil ocaqları və s. mövcuddur. Hərəkətin məqsədi həm F.Gülən ideyalarına sadiq, həm də Qərb dillərini, üstün texnolojik bilikləri mənimsəmiş gəncləri öz sıralarında birləşdirərək öz ideologiyalarını dünyaya yaymaqdır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün həm ölkə daxili, həm də xaricdəki müxtəlif çıxışlarında bu hərəkətin qeyri-milli olduğunu və Türkiyə dövlətçiliyi əleyhinə fəaliyyət göstərdiyini qeyd etmişdir. Din pərdəsi altında milli dövlətçilik prinsiplərinə zidd fəaliyyət göstərən istənilən qüvvələrə qarşı barışmaz olmaq müasir gəncliyimizin hədəfi olmalıdır.
Əli Fərhadov
TUMİB “Dini Araşdırmalar və Tədqiqatlar Mərkəzi”nin rəhbəri