Hövsan limanında yük daşımaların logistikası ilə bağlı iclas keçirildi - Fotolar

hovsan-limaninda-yuk-dasimalarin-logistikasi-ile-bagli-iclas-kecirildi
Oxunma sayı: 1400

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi Qrupun Bakıda iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın məqsədi Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndi­rilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsi olub.

Eyni zamanda, Qazaxıstanın “Kazaxıstan Temir Jolu” cəmiyyətinin sədr müavini Yerlan Koyşibayev, Gürcüstanın “Gürcüstan Dəmir Yolu” cəmiyyətinin Yük daşımalar üzrə direktoru Kahaber Qudiaşvili, Batumi Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Ulan Tleugali, “Azərbaycan Dəmir Yolu” QSC sədrinin müşaviri Emil Məmmədov və nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də olub.

Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqları limanda qarşılayaraq ərazidəki infrastrukturla, limanın texnikaları ilə, körpülərdə və limanda yük daşımaların logistikası ilə tanış edib.

Bildirilib ki, yüklərin Qazaxıstan və Gürcüstandan Avropaya, həmçinin əks istiqamətdə logistikanın təşkili üçün qısa zamanda təkrar görüş keçirilərək praktiki işlərə başlanılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sözügedən görüşlər bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı nəzərdə tutulub.