“Humayın bulağı” qalmaqalına görə - Oğlundan açıqlama

humayin-bulagi-qalmaqalina-gore
Oxunma sayı: 8712

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. 

"Qafqazinfo"nun xəbərinə görə, yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə  Laçın rayonunun deputatı Mahir Abbaszadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var. Qeyd olunur ki, bu şəxslər şəhid məzarının yanında yerləşən bulaqda spirtli içki də soyudublar.

Məsələ ilə bağlı Laçının Güləbird kəndində adına bulaq olan Humay Hümbətovun oğlu Ərşad Hümbətov “Yeni Müsavat”a danışıb. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Ərşad Hümbətov atasının şəhid olmadığını, həmin bulağın 1970-80-ci illərdə salındığını bildirib:

“Laçında adına bulaq olan Humay Hümbətov mənim atamdır. Atam 1987-ci ildə rəhmətə gedib. Həmin bulaq 1968-1980-ci illər arasında tikilib. Laçın işğaldan azad olunduqdan sonra müharibə veteranı olan yoldaşlarım ilə birgə həmin bulağın üstünü düzəltdirmişəm. Oradakı plakatı da sonradan mən özüm vurmuşam”.

Ərşad Hümbətov Laçına gedən bir qrup rəsmilər və ziyalılar arasında özünün də iştirak etdiyini deyib:

“Bulaq üstündə çörək yemək nə vaxtdan qadağan olunub? Hadisə sosial şəbəkələrdə yazılan kimi olmayıb.Həmin vaxt orada sadəcə pendir-çörək yeyilib. Şəxsən mən özüm orada olmuşam. Mən Birinci və İkinci Qarabağ müharibəsi veteranıyam. Orada başqa söhbət ola da bilməzdi. Yayılan fotolar da montajdır. Diqqətlə baxsanız, görərsiniz ki, orada arağa oxşar bir şey yoxdur. Bütün bunlar hamısı məqsədli şəkildə hazırlanıb. Laçına gedənlərin hamısı orada dayanıb, çörək yeyir, su içirlər”.