İbtidai siniflərlə bağlı gözlənilməz qərar - Nazirliyə müraciət

ibtidai-siniflerle-bagli-gozlenilmez-qerar-
Oxunma sayı: 17821

Bakı şəhərində fəaliyyət göstərən bir sıra məktəblərdə yeni tədris ilindən etibarən ibtidai sinifdə oxuyan şagirdlərin səhər növbəsindən günorta növbəsinə keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Qafqazinfo” xəbər verir ki, tanınmış jurnalist Zəminə Əliyeva da övladının təhsil aldığı 158 nömrəli məktəbdə eyni problemlə rastlaşdığını sosial şəbəkədə yazıb. O bildirib ki, qızı ikinci sinfi bitirəndə məktəbdə elan edilib ki, növbəti dərs ilindən etibarən uşaqlar ikinci növbədə oxumalı olacaqlar:“Dedilər ki, yeni təyin olunmuş direktorun göstərişidir. İstəmirsinizsə, filan qədər verin, uşaqlarınız ikinci növbəyə keçirilməsin. Təbii ki, valideynlərin əksəriyyəti işlədiyindən və səhərlər uşağı məktəbə qoymaq daha münasib olduğundan deyilən məbləğ də verildi. İndi isə məlum olur ki, uşaqların dərsini ikinci növbəyə keçiriblər”.

Təhsil Nazirliyinə 40 nəfərdən çox şagirdin valideynləri adından müraciət edən jurnalist bu qərara aydınlıq gətirilməsini istəyib: “Nəzərə alsaq ki, ikinci növbəyə keçilən şagirdlər ibtidai sinifdə oxuyurlar və onların hər birini məktəbə aparıb gətirən şəxsə ehtiyac var, hər iki valideyn işləyirsə, onda bu təxminən əlavə 150 manat xərclə, üstəlik bu yaşda uşaqların psixoloji durumuna da mənfi təsirlərlə nəticələnəcək”.

Qeyd edək ki, sözügedən qərar bir çox orta məktəblərdə verilib. Və bu valideyinlərin hər ikisi işləyən ailələrdə ciddi problem yaradıb.

***

Bakı şəhəri üzrə Təhsil İdarəsi sözügedən problemə münasibət bildirib.

“Qafqazinfo” nun sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınır və neqativ hallara yol verilmədən qərar verilir.

Qeyd edək ki, ümumilikdə I, IX, X, XI siniflərin I növbədə təhsil alması məqsədəmüvafiq hesab edilir.

Bəzi məktəblərdə I növbədən II növbəyə keçidlə əlaqədar yayılan neqativ xəbərlərlə bağlı İdarə tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Günel Türksoy