Ötən gecə Nabranda atışma olub.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Moderator.az-a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun “Atlant” istirahət mərkəzində silahlı insident törətməsi ilə bağlı bəzi saytlarda yer alan məlumata aydınlıq gətirib. O.Mansurzadə “Atlant” istirahət kompleksində hər hansı silahlı insidentin olmadığını və icra başçısının oğlu ilə bağlı deyilənlərin əsassız olduğunu vurğulayıb:
“Dünən gecə saatlarında “Atlant” istirahət kompleksində hər hansı silahlı insident deyil, sadəcə iki şəxs arasında mübahisə baş verib. Lakin bəzi saytlarda baş verən bu olay silahlı insident kimi təqim edilib ki, bu da həqiqətə uyğun deyil. İcra başçısı Mübariz Ağayevin övladı isə ümumiyyətlə hadisə yerində olmayıb və onun guya kimisə güllələməsi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, Xaçmazdakı mənbələrin Musavat.com-a verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin oğlu “Atlant” istirahət kompleksində atəş açıb. Məlumata görə, məmur oğlu istirahət mərkəzinə qızlarla gedib. Orada hələlik bəlli olmayan səbəblərdən münaqişə yaranıb. Mübariz Ağayevin oğlu havaya atəş açmağa başlayıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazilriyini 102 xidmətinə də məlumat verilib.
Qeyd edək ki, M.Ağayev nəqliyyat naziri Ziya Məmmədovun klanına daxil olan şəxsdir. Quba isə Məmmədovlar klanının nüfuz dairəsinə daxildir. M.Ağayev Qubanın icra başçısı postuna bu rayonda keçmiş icra başçısı Rauf Həbibova qarşı baş vermiş üsyandan sonra məhz Məmmədovların istəyi ilə təyin olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər