“İlham Əliyev Qoşulmama Hərəkatının inkişafına yeni təkan verib”

ilham-eliyev-qosulmama-herekatinin-inkisafina-yeni-tekan-verib
Oxunma sayı: 1197

Uqanda Prezidentinin rəsmi iqamətgahında dövlət başçısı Yoveri Kaquta Museveni TASS İnformasiya Agentliyinə və Rusiya televiziyasının “Formula vlasti” proqramına müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, “Formula vlasti” proqramının müəllifi və aparıcısı Mixail Qusman gələn ildən etibarən Uqandanın hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycandan estafeti qəbul edərək bu Hərəkata rəhbərlik edəcəyini nəzərə alaraq Uqanda Prezidentinə bir neçə sual verib.

Mixail Qusman, o cümlədən Qoşulmama Hərəkatının dünyada rolu, bu qurumun perspektivləri, habelə Azərbaycanın Hərəkatın sədri qismində bu təşkilatın inkişafına dair səyləri barədə Yoveri Museveninin fikirləri ilə maraqlanıb.

Yoveri Museveni bildirib ki, Qoşulmama Hərəkatına rəhbərlik etmək Uqanda üçün böyük şərəfdir. Uqanda Prezidenti qeyd edib ki, təməli Camal Əbdül Nasir, Cəvahirləl Nehru, İosip Broz Tito kimi görkəmli tarixi şəxsiyyətlər tərəfindən qoyulmuş Qoşulmama Hərəkatı bu gün də əvvəlki kimi, dünyada çox əhəmiyyətli və nüfuzlu qüvvədir. Museveni əminliklə bildirib ki, Uqanda bu Hərəkatın daha da inkişaf etməsi üçün əlindən gələni edəcəkdir.

Uqanda Prezidenti Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyini və şəxsən Azərbaycan Prezidenti, Hərəkatın inkişafına yeni təkan vermiş İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.

Yoveri Museveni Qoşulmama Hərəkatının sədri kimi koronavirusa qarşı mübarizədə səylərin birləşdirilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. O, daha sonra bildirib ki, Hərəkatın növbəti Sammitində Azərbaycan Prezidentini Uqandada gözləyir.

Uqanda Prezidenti ilə müsahibə tam həcmdə TASS İnformasiya Agentliyinin saytında dərc ediləcək və “Rossiya-24” telekanalında göstəriləcək.