Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dekabrın 19-20-də “Şahdağ” qış-yay turizm kompleksində tikilmiş yeni otellərin açılışında iştirak edib, yaradılmış yüksək xidmət şəraiti ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı dekabrın 20-də xizəklə sürüşüb. Prezident İlham Əliyev əvvəlcə ikinci liftin yamacından sürüşüb dördüncü liftin yanına gəlib. Sonra dördüncü liftlə yuxarı qalxaraq həmin liftin yamacı ilə üçüncü liftə qədər sürüşüb. Daha sonra dövlət başçısı üçüncü liftlə yuxarı qalxaraq yeni açılan yamacla sürüşüb.
Ölkəmizdə ilk dəfə yaradılan və dünya standartlarına cavab verən bu layihənin reallaşdırılması respublikada dağ-xizək və digər qış idman növlərinin, xüsusilə də turizmin inkişafı üçün geniş imkanlar açır.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinə gələnlərin sayı gündən-günə artır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən və bir gün əvvəl Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən otellər bu istirahət məkanına olan marağı daha da artırır. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafı əsas prioritetlərdəndir.
Son xəbərlər
Son Xəbərlər