Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Z.Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. Zöhrab Məmmədovun saat 23:00-dan 07:00-dək yaşadığı yeri və Tovuz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Həmçinin əlavə cəza kimi yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ 2 il 6 ay müddətə məhdudlaşdırılıb.
Qeyd edək ki, prokurorluğun yaydığı məlumatda Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilərək yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilməsi bildirilib.