İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı- - Yenilənib

ismayil-omerovun-qizi-ve-kurekeni-de-itv-den-cixarildi-
Oxunma sayı: 3867


İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun qızı və kürəkəni işdən çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, televiziyanın London bürosunda baş prodüsser vəzifəsində çalışan qızı Səmədova Könül və kürəkəni Səmədov Ruzi ilə əməkdaşlığa xitam verilib. “Qafqazinfo” bu xəbəri dəqiqləşdirmək üçün İTV ilə əlaqə saxlayıb. Kanaldan bildirilib ki, onlar çoxdan öz ərizələri ilə istefa veriblər. 

Bu arada “Qafqazinfo”ya daxil olan digər məlumata görə, ümumiyyətlə İTV-nin yeni rəhbərliyi xarici ölkələrdəki bürolara “əl gəzdirməklə” məşğuldur. Belə ki, televiziyanın digər ölkələrdəki bürolarının da bağlanması istimqamətində proses gedir.

Xatırladaq ki, Cəmil Quliyev İTV-ə baş dirtektor təyin olunduqdan sonra televiziyada keçmiş baş direktor İsmayıl Ömərova yaxınlığı ilə tanınan böyük bir qrup əməkdaş işdən azad edilib.

***
“Qafqazinfo” xəbər verir ki, İsmayıl Ömərov bu məsələ ilə bağlı ans press-ə açıqlama verib. O, açıqlamasında deyib: “Bu məsələ bir il öncə baş verdib. Başa düşürəm, havalar indi yaman istidir. Ola bilər, bunu yazan jurnalisti gün vurub, beynində qıcqırma olub. Məsləhət görürəm, həkimə müraciət eləsin”.

“Qafqazinfo”dan qeyd:

Azərbaycanın jurnalistikası tarixində “müstəntiq jurnalist” kimi qalan İsmayıl Ömərov yəqin xəbər yayma prinsiplərini çoxdan yadırğayıb. Əgər xəbər lap beş il əvvəl baş veribsə, onun üstü bu gün açılırsa deməli informasiya öz aktuallığını itirməyib və oxucu üçün maraqlıdır. Əlbəttə ki, İsmayıl Ömərovla müqayisə etmək istəməsək də bəzən tarixdə min il əvvəl baş verən hadisənin üstü açılır və o sensasiyaya çevrilir. Ona görə də gün bu xəbəri yazan jurnalisti yox, İsmayıl Ömərovun özünü vurub. Xəbər gün üzü görməyibsə onu yazanları şantaj etmək jurnalistikaya qaranlıq baxışın əlamətidir.