İtkin şəhidlərimiz dəfn olundu - Yenilənib - Fotolar

itkin-sehidlerimiz-defn-olundu
Oxunma sayı: 1672

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən Atayev Atakişi Qəhrəman oğlunun nəşinin qalıqları torpağa tapşırılıb.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, şəhidin dəfninə ailə üzvləri, yaxın qohumları və ictimaiyyət nümayəndələri qatılıb.

Şəhid Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, A. Atayev 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və İmişli şəhər məzarlığında naməlum şəhid kimi dəfn olunan Behbudov Daşqın Nəsrəddin oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. 

AZƏRTAC-ın xəbərinə görə, şəhidin nəşi bu gün rayonun Mırtı kəndində ailəsinə təhvil verilib və onunla vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. 

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Behbudov Daşqın Nəsrəddin oğlu 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.