İtlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı - Rəsmi açıqlama + Video

itlerin-kutlevi-sekilde-oldurulmesi-ile-bagli
Oxunma sayı: 3261

Sosial şəbəkələrdə itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb.

Gəncədə çəkildiyi deyilən videoda iddia olunur ki, sahibsiz heyvanlar şəhərin küçələrindən yığılaraq mərkəzdən aralıda bir əraziyə gətirilib və orada daş və digər alətlərlə vurularaq öldürülüb. Yayılmış görüntülərdən də aydın olur ki, onlarla itin cəsədi zibilliyə atılıb. Onların arasında yarımcan olan, yaralananlar da var. 

“Qafqazinfo” sözügedən görüntülərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, İcra Hakimiyyəti tərəfindən belə bir göstəriş verilməyib və hazırda faktla bağlı araşdırma aparılır: “Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır. Həmçinin qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir.

Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaq".

Gülnar Əliyeva