Keçmiş şöbə müdirinin 10 il həbsi tələb edildi

kecmis-sobe-mudirinin-10-il-hebsi-teleb-edildi
Oxunma sayı: 2669

Rüşvətə görə həbs edilmiş 1 saylı Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror H.Seyidovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün dekabrın 13-nə kimi vaxt verilib.

Qeyd edək ki, Hüseyn Seyidov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. İttihama görə, o, müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.