Kəlbəcər meşəsində bəbir görünüb - Foto

kelbecer-mesesinde-bebir-gorunub
Oxunma sayı: 10453

“Son dövrlərdə, yəni işğaldan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov "Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və  ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında açıqlayıb.  

O qeyd edib ki, bəbirin təbii qidası olan bezoar keçilərinin bu ərazilərdə sıx məskunlaşması da bu nadir növün Qarabağda yayılmasının əsas şərtlərindəndir. Qarabağ vulkanik yaylasında həm də ən qədim zamanlardan bəri bəbirlərə rast gəlinib.

E.Əsgərovun sözlərinə görə, Azərbaycanda bəbir fərdlərinə  rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır. Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökümətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir: “Ölkəmizdə bioloji müxtəlifliyin  bərpası və inkişafı üçün münbit şəraitin olması bizdə  belə qənaət və əminlik yaratmışdı ki, Qarabağ bölgəsində, Kəlbəcərdə də bəbirlərə rast gəlinəcək və apardığımız monitorinqlər nəticəsində bu təsdiq olundu”.

E.Əsgərovun sözlərinə görə, bəbirlərin monitorinqinə ölkəmizdə 2002-ci ildən başlanılıb, ilk dəfə fototələ vasitəsilə 2007-ci ildə Talış dağlarında, 2012-ci ildə isə Zəngəzurda bəbirlər qeydə alınıb ki, bu da  Azərbaycanda təbii şəraitdə çəkilmiş ilk bəbir fotolarıdır: "Bu günə qədər monitorinqlər nəticəsində Naxçıvanda 9 yetkin fərd və 9 bala, Hirkan meşələrində isə 8 yetkin fərd, 2 bala fotosu çəkilib. Həyata keçirilən intensiv mühafizə tədbirlərinin nəticəsidir ki, bəbir balalarının dünyaya gəlməsi Qafqazda yalnız Azərbaycanda müşahidə olunub.  Bizim ərazimizdə doğulub böyüyən balalar sonra qonşu dövlətlərin ərazisinə yayılır. Onlardan ikisi, hətta Türkiyə ərazisində müşahidə edilib, biri isə lap Qaradəniz hövzəsinə qədər gedib çıxıb".

E.Əsgərov bildirib ki, ötən əsrdə antropogen təsirlərdən bütövlükdə regionumuzda bəbirlərin sayı kritik həddə azalaraq, nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdi: “Bəbirlər ən qədim dövrlərdən Azərbaycan ərazisində yaşayıb. Bəbirlərin qlobal arealı isə Afrika və Asiyanı əhatə edir. Azərbaycan bu arealın şimal kənarındadır. Bəbir qalıqları Azərbaycanda 400-300 min il əvvəlki torpaq qatlarında tapılıb, Qobustan, Gəmiqaya, Dəlidağ qayalarında da onun qayaüstü təsvirləri aşkar edilib. 

Qobustanın qədim insan məskənində isə hepard və bəbirin kəllə sümüklərinə rast gəlinib. Bu növ vaxtilə ölkəmizin, demək olar hər yerində yaşayıb. Son illərin müşahidələri göstərir ki, Azərbaycanda bəbir populyasiyasının inkişaf dinamikasına nail ola bilmişik”.