Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü - Foto

kerim-veliyev-pakistanin-quru-qosunlari-komandani-ile-gorusdu
Oxunma sayı: 1632

Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

Ordu generalı A.Munir Vətən müharibəsində qazanılmış qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışan Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.

Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.