Keşlədə kollektorun üzərində tikildiyi üçün sökülmüş evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.
Sərəncama əsasən, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Xatırladaq ki, bu ilin aprelin əvvəli Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalmışdı. Buna uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli evin səbəb olduğu müəyyənləşmişdi. Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranmışdı. Gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi qərara alınmışdı.
Sözügedən evin sakini Səbuhi Məmmədov bildirmişdi ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.
Son xəbərlər
Son Xəbərlər