Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı - Yenilənib

marsrut-avtobusu-suren-batya-vasmoyski-isden-cixarildi
Oxunma sayı: 8867

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışır.

Marşrut xəttini istismar edən “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov “Qafqazinfo”ya açıqlamasında B.Ağaməmmədovun artıq tam sağaldığını bildirib. O, sürücünün narkoloji dispanserdə yoxlanışdan keçdiyini deyib:

“Adıçəkilən sürücü əvvəllər xəstəlikdən əziyyət çəkib, lakin daha sonra müalicə olunaraq sağalıb. Bizim təşəbbüsümüzlə sürücü narkoloji analiz də verib və qanında qanunla qadağan edilən hər hansı maddə aşkar edilməyib”.

Qeyd edək ki, B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

“Batya Vasmoyski”nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə “Qafqazinfo”ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib.

***

“Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov daha sonra saytımıza açıqlama verərək bildirib ki, B.Ağaməmmədov mayın 24-ü işdən çıxıb: “Sürücü mayın 7-si işə qəbul olunub və sınaq müddəti verilib. 24 may tarixində sürücü öz istəyi ilə işdən azad edilib. Onun sağlamlığına dair sənədi də təqdim etmişik”.

Maraqlıdır ki, B.Ağaməmmədovun avtobus sürücüsü kimi iş başında olmasını əks etdirən görüntülər mayın 24-ü axşam saat 19:30 radələrində lentə alınıb. Və həmin gün sürücü iş başında olub.

Əgər B. Ağaməmmədov hazırda sürücü kimi fəaliyyət göstərmirsə, şirkət “3 gün əvvəl işdən çıxardığı” əməkdaşı niyə bu gün, daha dəqiq bir saat əvvəl təcili narkoloji yoxlamaya göndərib?..