Maskın şirkəti beyin çiplərini sınaqdan keçirəcək - İcazə verildi

maskin-sirketi-beyin-ciplerini-sinaqdan-kecirecek
Oxunma sayı: 1603

Tviter platformasının rəhbəri, milyarder İlon Maskın beyin implantasiyası şirkəti olan “Neuralink” insanlar üzərində klinik sınaqlar keçirmək üçün ABŞ Qida və Dərman Adminstrasiyasından (FDA) icazə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin tviter hesabında paylaşım edilib.

“İnsanda ilk klinik tədqiqatımıza başlamaq üçün FDA-nın təsdiqini aldığımızı bölüşməkdən məmnunuq! Bu, “Neuralink” komandasının FDA ilə sıx əməkdaşlıqda apardığı möhtəşəm işin nəticəsidir və bir gün texnologiyamızın çox insana kömək etməsinə imkan verəcək mühüm addımdır.

Klinik sınaqlarımız üçün işə qəbul hələ açıq deyil. Bu barədə ətraflı məlumatı tezliklə elan edəcəyik!”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2016-cı ildə qurulan startap elektrodlarla bağlanmış naqillərdən ibarət beyni kompüterlə birləşdirəcək kiçik cihaz hazırlayır. Cihazın yerləşdirilməsi kəllə sümüyünün deşilməsini tələb edir. Cihaz iflic və ya travmatik beyin zədəsi olan insanlara yalnız düşüncələrindən istifadə edərək ünsiyyət qurmağa və kompüteri idarə etməyə köməklik göstərir. Mask, həmçinin bildirir ki, bu cihaz bəşəriyyətin süni intellektin əldə etdiyi irəliləyişlərlə ayaqlaşmasını təmin edə biləcək.