“Mədəniyyət Nazirliyi atamı Fəxri Xiyabana layiq bilsə, orada dəfn ediləcək” - Video

medeniyyet-nazirliyi-atami-fexri-xiyabana-layiq-bilse-orada-defn-edilecek
Oxunma sayı: 3594

“Bildiyiniz kimi, atam Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə göndərildi. Bir il orada müalicə aldı. Mən istərdim, öncə Prezidentin ailəsinə öz ailəm adından, bütün Yalçın Rzazadə sevənlərin adından təşəkkür edim. Məhz onların sayəsində Yalçın müəllim bu vaxta qədər bizimlə idi”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında ötən gün vəfat edən Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə bildirib.

O, atasının ölümündən öncə son sözlərini belə ifadə edib: “İyun ayının 15-i Bakıya qayıtdı. Səhhəti normal idi. Hardasa bir aya yaxın idi ki, səhhəti pisləşmişdi. Son bir həftədə isə lap pis oldu. Üç gün demək olar ki, danışmadı. Bilirsiz ki, biz 3 qardaşıq. Atam son qüvvəsini, son gücünü toplayaraq üçümüzü də ətrafında görüb “Necə də xoşbəxtəm?!”, - dedi”.

M. Rzazadə Xalq artistinin harada dəfn ediləcəyi ilə bağlı sualı da cavablandırıb: “Mədəniyyət Nazirliyi əgər atamı Fəxri Xiyabana layiq bilsə, orada da dəfn olunacaq. Layiq bilməsə, artıq nəsə düşünüb qərar verəcəyik”.

Xalq artistinin oğlu atasının Lənkəranda dəfn ediləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Atamın anası, atası, qardaşı Lənkəranda dəfn edilib. Yəqin ki, yarım saata harada dəfn ediləcəyi dəqiqləşəcək”.

***

Xalq artisti ilə vida zamanı bildirilib ki, mərhum Lənkəranda dəfn olunmasını vəsiyyət edib.