“Mədət Quliyev söz verdi ki...”- - Dustaq anası

medet-quliyev-soz-verdi-ki-
Oxunma sayı: 2039


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məhbusların yaxınlarının verdiyi məlumata görə, 1500-ə yaxın məhbus aclıq edir. Hansı ki, bu məlumat Penitensiar Xidmət tərəfindən təkzib olunur. 

Məhbusların valideynləri baş verənlərlə bağlı Penitensiar Xidmətin rəhbərliyi ilə görüşüblər.

Qobustan həbsxanasında cəza çəkən Fərid Əbdülhadi adlı məhbusun anası Aidə Şahverdiyeva aclıq aksiyasının keçirildiyini təsdiqləyərək, hazırda davam etdiyini bildirdi: “Bu gün aclıq aksiyasının keçirilməsi ilə bağlı Penitensiar Xidmətin rəisi, general Mədət Quliyevin qəbulunda olduq. O, bizə söz verdi ki, aclıq aksiyasının dayandırılması üçün işlər görəcək. Bizdən də xahiş etdi ki, övladlarımız aksiyanı dayandırsınlar. Valideynlərin imzalar ilə müraciəti də oldu. Həbsxana daxilində olan qanunsuzluq, problemlər barədə ona ətraflı məlumat verdik. O, bildirdi ki, sovet dövründən qalan həbsxana olduğuna görə, belədir. Tezliklə yeni həbsxana tikiləcəyini və məhbusların ora köçürüləcəyini söylədi. Hazırda 6 nəfərlik yerə 12 nəfər salırlar. Daxildə işgəncələrə məruz qalan məhbuslar barədə də ona məlumat verdik. O, tezliklə bu məsələni araşdıracağını dedi. Övladım 6-cı Cəzaçəkmə Müəssisində  döyülüb. Sonradan işgəncələrə məruz qalan 4 nəfər məhbusla Qobustana köçürülüb. 

Mədət müəllim bizə söz verdi ki, araşdırılacaq. Bir həftə gözləyəcəyik. Ondan sonra problemlər həll yolunu tapmasa, şikayətlərimizi sona qədər davam etdirəcəyik. Telefon söhbəti real deyil. Özləri telefonları həbsxana daxilinə keçirib, məhbuslara baha qiymətə satırlar. Hətta bir manatlıq konturu 5 qat baha qiymətə satırlar. Adicə bizimlə telefonla danışmaq üçün əvvəlcədən məhbuslardan 2 manat alırlar. Həbsxana girəndə bütün paltarlarımızı başdan-ayağa yoxlayırlar. Onda biz telefonu daxilə necə keçirmişik? Bunların hamısı yalandır. Şikayətlər aşağıdan-yuxarı başlayır. Biz indi aşağı orqanlara şikayət etdik. Şikayətlərimizə baxılmasa, prezidentə qədər bütün orqanlara müraciət edəcəyik”.

Aidiyyatı orqanın Azadlıq radiosuna açıqladığı mövqe bundan ibarətdir: 
“Qobustan həbsxanasında məhkumların aclıq aksiyası keçirməsi  barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla bağlı müəssisəyə, xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb. Mediaya ötürülən bu cür əsassız məlumatlar həbsxananın yeni təyin olunmuş rəisi Fikrət Qafarovun daxili intizam qaydalarının tələblərinə uyğun tədbirlərinə reaksiyadır. Bu həm də rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmayan imtiyazlar əldə etməyə can atan məhkumlarla onların yaxınlarının reaksiyasıdır. Penitensiar Xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”