Məleykə Əsədova Xurşidbanu Natəvan obrazında - Fotolar

meleyke-esedova-xursidbanu-natevan-obrazinda
Oxunma sayı: 3290

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Elnar Qarayev (Mamayı), Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), aktyorlar Elçin Əfəndi (Hidayət xan), aktyor Vüsal Mustafayev (Zahir bəy), Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) iştirak edirlər.

Anşlaqla keçən tamaşada mədəniyyət naziri Anar Kərimov, nazirlik rəsmiləri, həmçinin incəsənət nümayəndələri, media mənsubları iştirak ediblər.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülmüşdür. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.

Qeyd edək ki, daha əvvəl teatrda Xurşidbanu Natəvan obrazını ayrı-ayrı illərdə mərhum Xalq artisti Amaliya Pənahova və Xalq artisti Bəsti Cəfərova canlandırıblar. Tamaşaların rejissorları müvafiq olaraq Xalq artisti Mərahim Fərzəlibəyov və Əməkdar incəsənət xadimi Bəhram Osmanov olublar. 

Hüseyn Məmmədsalahov

Fotolar: Teatrın Mətbuat xidməti