“Mən səni də istəyirəm, o fahişəni də...”

men-seni-de-isteyirem-o-fahiseni-de-
Oxunma sayı: 9607




Sevgi – dodaqlardan çox ayaqların rəqsidi

durursan

və kimdənsə gedirsən...

indi bədənində gecə yarısıdı

axşam vaxtıdı

toxunulmazsan...

dəniz kimisən indi

balıqlara yüksən

məndən soruşsan

daha çox “yoxsan” indi...

ata olur adamlar, ana olur

bir az bacı olur hərdən,

dost olur adamlar, qardaş olur

doğma olur hərdən,

məndən soruşsan

daha çox “yox” olur adamlar...


Mən ağrıyan biriyəm

darıxqan biriyəm,

mən səni də istəyirəm

o fahişəni də,

mən dəvə də istəyirəm

küçə itlərini də,

bax,sağlığına yox

ölümünə içirəm bu şərabı,

məndən soruşsan

mən axmağın biriyəm...


Bir qadın düşün – tərk edilmiş

bir uşaq düşün – atılmış

və bir ana düşün – qadın kimi atılmış, uşaq kimi tərk edilmiş

heç ana olmamış qadın...

kişilərin ən yaxşısı yanında olandısa

qadınların ən xoşbəxti doğulmayandı...

ən yaxşı halda ata olur kişilər

məndən soruşsan

ən yaxşı halda olmur kişilər...


anam kimisən

o xəstə qadın kimi

saçların tökülüb

daha əvvəl barmaqlar tökülüb saçlarından...

anam kimisən

o xəstə qadın kimi

ayaqların yer tutmur

daha əvvəl ayaqqabısız qalıb ayaqların

qırışmış yataq qədərsən bu yer üzündə...

yaxşı qoru xərçəngi

ki allah dediyin

ciyərlərinə tapşırıb onu...


Ümidlisən

gəlməyənlər daha çox “gələcək”di indi

oğlun daha çox sistem şlankıdı

qızın daha çox tibb bacısıdı

məndən soruşsan

ümidlər daha çox gəmi kapitanıdı

o səni tərk edən yox

səninlə boğulandı...


Bir də

sevgi – dodaqlardan çox ayaqların rəqsidi

durursan

və kimdənsə gedirsən...

indi bədənində gecə yarısıdı

axşam vaxtıdı

toxunulmazsan...

dəniz kimisən indi

balıqlara yüksən

məndən soruşsan

daha çox “yoxsan” indi...


bir də

ata olur adamlar, ana olur

bir az bacı olur hərdən

dost olur adamlar, qardaş olur

doğma olur hərdən

məndən soruşsan

daha çox “yox” olur adamlar...