“Biz xaricdəki anti-milli ünsürlərin və müxtəlif düşmən qüvvələrin davamlı olaraq Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı şər və böhran, qarayaxma kampaniyalarının şahidi olmuşuq. Son dövrlərdə isə süni intellekt texnologiyaları sayəsində daha da artan bu cür feyk materialların və qərəzli kiber-montajların yayılmasında başlıca məqsəd nüfuzlu şəxsiyyətləri, tanınmış ictimai xadimləri, dövlətimizin güclənən beynəlxalq mövqeyini gözdən salmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.
O qeyd edib ki, bunu təkcə Azərbaycanın deyil, başqa ölkələrin də yüksək nüfuz sahiblərinə qarşı feyk-infolarda görmək mümkündür:
“Xüsusilə də, Prezidentimizin ailə üzvlərinə qarşı yönəlmiş bu kiberdələduzluq və şantaj təşviqatının əsas məqsədi Azərbaycan Prezidentinin dünyada artan sarsılmaz nüfuzu, qətiyyətli lider kimi beynəlxalq birlikdə qəbul edilməsindən doğan qısqanclıq, gözügötürməzlikdir.
İlham Əliyev qlobal miqyasda sülh və əmin-amanlığın möhkəmlənməsi yönündə iradəli lider kimi tanınır, öz mövqeyini sərrast bəyan edir, Azərbaycanın heç kimdən asılı olmadığını və əzmkar siyasət yürütdüyünü əməli ilə təsdiqləyir. Prezidentin Zayed İnsan Qardaşlığı sülh Mükafatı ilə təltif edilməsi onun bəşəri lider olmasını göstərir.
Eləcə də, Azərbaycan dövləti regionun sabitlik və barışdırıcı missiyası ilə nümunədir, qlobal forumlar Bakıda keçirilir. Bu və digər geosiyasi amillər fonunda Prezidentin daha da möhkəmlənən xarizmatik liderliyi bəzi xarici qüvvələri və onların əlaltılarını narahat edir, dövlət başçısının ailəsinə qarşı kibercinayətkar şəbəkənin maliyyəsi və sifarişi ilə şantaja əl atırlar. Ancaq bunların da təşkilatçıları çox keçmir ki, ifşa olunur. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat nəticəsində Prezident ailəsinə qarşı şantaj xarakterli fəaliyyətlə məşğul olan şəxsin saxlanılması bunun konkret faktoloji təsdiqidir.
Bu, Alena xanım Əliyeva haqqında yayılan feyk yazıların bir mərkəzdən təşkil və idarə olunduğunu təsdiq edir. Cinayətkar şəbəkənin üzvü də etiraf edir ki, onlar xaricdəki müxtəlif təxribatçı və anti-Azərbaycan qüvvələr tərəfindən verilən pul müqabilində bu cür dezinformasiya propaqandasına cəlb olunublar.
Sözsüz ki, bu cür ucuz kampaniya heç vaxt əsil həqiqətləri, ictimai xadim olan Alena Əliyevanın humanist obrazına zərrə qədər təsir edə bilməz. Azərbaycan cəmiyyəti milli dəyərlərimizə, adət-ənənələrimizə olduqca bağlı olan və əsl xanımlıq nümunəsi nümayiş etdirən Alena xanımı çox sevir və onun nümunəvi sosial-humanist davranışlarını təqdir edir.
Məlum proseslər isə onu tələb edir ki, süni texnologiyaların köməyi ilə ictimai rəyi manipulyasiya edərək dövlətə olan inamı zəiflətməyə çalışan kibercinayətkar şəbəkə və onun trollarına qarşı daha güclü və qabaqlayıcı addımlar atılmalı, süni intellekt texnologiyalarının sosial media və informasiya məkanında mənfi meyllərinə qarşı nəzarət gücləndirilməlidir”.
Son xəbərlər
Son Xəbərlər