“Mətbuat qeyri-rəsmi” bu dəfə Tiflisə gedir

metbuat-qeyri-resmi-bu-defe-tiflise-gedir
Oxunma sayı: 708

Səfərin əsas məqsədi azərbaycanlı jurnalistlərin Gürcüstanda (Tiflisdə) iki günlük istirahətinin təşkilidir və maliyyə dəstəyini iştirakçı jurnalistlər adambaşına 40 manat xərcləməklə öz hesablarına təşkil edirlər. Səfər çərçivəsində Azərbaycan mətbuatının müxtəlif orqanlarından olan 35 jurnalist Gürcüstanın yeni seçilmiş parlamentinin bəzi üzvləri ilə görüşəcək, Azərbaycan mədəniyyət ocağı ilə, o cümlədən azərbaycanlı tarixi şəxsiyyətlərin abidələri ilə tanışlıq, eləcə də gürcü həmkarlar ilə dostluq görüşlər keçirəcəklər. Tiflis səfərində iştirak edəcək jurnalistlər siyahısına Xəzər TV, Lider TV, İctimai TV, ANS, AzTV, Cənub TV, Kəpəz TV, Səs TV, MuzTV-nin, APA, Lent.az, Trend, Azadinform agentliklərinin, o cümlədən qafqazinfo.az, modern.az, mediaforum.az saytlarının, bundan başqa “Gündəlik teleqraf”və digər qəzetlərin əməkdaşları daxildir. Həmçinin müstəqil yazarlar və jurnalistlər də iştirak edirlər.

Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkonun təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi” Qrupunun əsası bu ilin yay aylarında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub (http://www.facebook.com/groups/metbuat.q.r/). Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində Qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir.

Qrupun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Yelena Sidorenko, Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var.

Qrup indiyə kimi Azərbaycanın bir sıra turistik bölgələrinə kollektiv jurnalistlərin səyahətini təşkil etməklə yanaşı xarici ölkə mətbuatı ilə dostluq təmasının qurulmasına start verib.

Yaxın günlərdə qonşu ölkələrin mətbuat nümayəndələri ilə Azərbaycan jurnalistlərinin Bakıda birgə görüşünün təşkili də gözlənilir./lent.az/